İtaliyanın “il Giornale” qəzetində azərbaycanlı ekofəalların etiraz aksiyasına dair məqalə dərc edilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin İtaliyanın nüfuzlu “il Giornale” qəzetində “Laçın yolunun müəmması: “Miatsum”dan ekologiyaya” adlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, müəllif məqaləsində azərbaycanlı ekofəalların iki həftədir Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni istismarına etiraz əlaməti olaraq Xankəndidən Laçına gedən yolda aksiya keçirdikləri bildirilir. İkinci Qarabağ müharibəsindən sonra 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanata uyğun olaraq, bu yol orada müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir.
“Bir çox beynəlxalq siyasətçilər və müşahidəçilər baş verənlər fonunda erməniləri dəstəkləməyə tələsdilər, gözlənilən “humanitar fəlakət” haqqında rəvayətləri təkrarlayaraq Azərbaycan hökumətini Qarabağ ermənilərinin Ermənistanla əlaqə üçün istifadə etdiyi yolda etiraz aksiyası təşkil etməkdə ittiham etdilər. Problemə bir qədər vaxt ayırmaq istəyən ekspertlər isə Laçın yolunun ətrafında yaranan çaşqınlığın tarixi kontekstlə yanaşı, daha dərin və geniş təsirlərə malik olduğunu görə bilərlər”, - deyə müəllif bildirir.
Tarixə nəzər salan F.Şəfiyev qeyd edir ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 1987-1988-ci illərdə “Miatsum” şüarı altında tarixi Azərbaycan torpağı olan Qarabağın Ermənistana birləşdirilməsi layihəsi ilə erməni separatçıları yol əlaqəsinin yaradılmasına həyati strateji məqsəd kimi baxırdılar. Beləliklə, Laçın hərbi təchizata imkan verən “Miatsum yolu”na çevrildi. 1993-cü ilin aprelində Ermənistan hər iki istiqamətdən hücuma keçdi - Ermənistandan və keçmiş muxtariyyətlə Ermənistan arasında yerləşən Azərbaycanın digər Qarabağ bölgəsi olan Kəlbəcərdən. 1980-ci ilin sonlarında münaqişənin başlanğıcından bəri əsas erməni povesti yaxınlaşan soyqırım və etnik təmizləmə ətrafında inkişaf etmişdi. Laçın yolu da əsas humanitar qovşaq kimi təqdim olunub. Münaqişənin nəticəsi azərbaycanlıların Ermənistandan və Qarabağdan tam etnik təmizlənməsi oldu. Ermənistan münaqişənin nizamlanması sazişi üzrə Azərbaycanla aparılan danışıqlar kontekstində situasiyanı bitmiş vəziyyətə salmağa çalışırdı və Laçında qanunsuz məskunlaşmanı təbliğ edirdi.
İşğal dövründə Azərbaycan tərəfi dəfələrlə Ermənistanın ekologiyaya ziyan vurması və təbii sərvətlərin istismarı məsələsini qaldırıb. Etnik ermənilərin rəhbərlik etdiyi “Base Metals” kimi bir neçə beynəlxalq şirkət Qarabağdan faydalı qazıntıların və qızılın beynəlxalq bazara çıxarılması ilə məşğul olurdular. Həqiqətən də, münaqişənin ilk günlərində əsas hərəkətverici məqamlardan biri ekoloji məsələ idi: Ermənistanın yerli hakimiyyət orqanlarının Şuşa yaxınlığındakı Topxana meşəsinin qırmasına etiraz olaraq 1988-ci il noyabrın 17-də Bakıda böyük mitinqlər keçirildi, “Topxana” hərəkatı kimi başlayan etiraz aksiyaları milli azadlıq hərəkatına çevrildi. ATƏT-in işğal olunan ərazilərə göndərdiyi bir neçə faktaraşdırıcı missiyası buradakı ağır vəziyyətin şahidi oldu. Üçtərəfli Bəyanata uyğun olaraq, 2022-ci ilin avqustunda Laçın rayonunu tərk edərkən erməni köçkünlər evləri yandırıb, ağacları kəsiblər - beləliklə, azərbaycanlılar üçün maddi və ekoloji ziyan məsələsi dərin məna kəsb edir.
“Lakin indiki şəraitdə görünən odur ki, Laçın yolundakı əsas problem təkcə təbii sərvətlərin qeyri-qanuni çıxarılması və ya ətraf mühitə ziyan vurulması deyil, həm də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı pozaraq buradan qeyri-humanitar məqsədlər üçün istifadə olunmasıdır. Buna görə də Ermənistan “humanitar fəlakət” hekayəsini təbliğ edir. Ermənistan Azərbaycana beynəlxalq təzyiqlər vasitəsilə Laçın yolunu nəzarətdə saxlamaq, buradan hərbi təchizat və təbii resursların satışından maddi gəlir əldə etmək niyyətindədir. Qanunsuz çıxarılan və Laçın yolu ilə göndərilən bu təbii sərvətlər Qarabağda hərbi məqsədləri və separatizmi gücləndirir. Laçın Ermənistanın işğalı nəticəsində törədilmiş etnik təmizləmə və dağıntıların qarşısının alınması üçün Azərbaycanın əsas təhlükəsizlik elementidir”, - deyə müəllif bildirir.
Vurğulanır ki, üçtərəfli Bəyanat Laçın dəhlizinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bir daha təsdiqlədi və ona təhlükəsizlik zəmanətləri verdi. Azərbaycan Qarabağ bölgəsində həm azərbaycanlıların, həm də buranın erməni əhalisinin təhlükəsizliyini təmin etmək istəyir. Əgər bu yoldan istifadə milli təhlükəsizliyinizə təhlükə yaradırsa, Azərbaycanın üzərinə heç bir hüquqi öhdəlik qoyula bilməz. Bəzi beynəlxalq müşahidəçilər Laçındakı ekofəallara şübhə ilə yanaşmaqla Azərbaycan ictimai rəyinin gücünü dərk edə bilmirlər. Laçın yoluna nəzarət etmək üçün ictimai çağırışlar cəmiyyətin bütün təbəqələri, o cümlədən müxalifət tərəfindən geniş şəkildə dəstəklənir.
Qarabağda vəziyyət son vaxtlar erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyanın gəlişi ilə daha da gərginləşib. ABŞ tərəfindən çirkli pulların yuyulması ilə bağlı sanksiyaya məruz qalan dövlət naziri Vardanyan yerli ermənilərlə rəsmi Bakının mərkəzi hakimiyyət orqanları arasında dialoqun başlamasını pozub.
“Laçın yolunun müəmmasının üç elementi var - bilavasitə səbəb kimi, ekoloji problemlər və Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq, Laçın dəhlizinin hərbi vasitələr üçün istifadəsi, nəhayət, üçtərəfli Bəyanat çərçivəsində yeni nəqliyyat dəhlizlərinin açılması öhdəliyi.
Azərbaycan Laçın yolundan keçid təmin edir. Həmçinin Ermənistan və xarici, məsələn, İran yük maşınları Azərbaycan ərazisindən keçən Gorus-Qafan marşrutu kimi digər yollardan istifadə edir. Lakin Ermənistan müxtəlif bəhanələrlə üçtərəfli Bəyanatın 9-cu bəndinə uyğun olaraq Azərbaycanın ərazisindən Naxçıvana kommunikasiya yaratmaqdan imtina edir.
Bütövlükdə, Laçın yolu məsələsi daha aktual problemlərə işarə edir - Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması və danışıqların dalana dirənməsi, rus sülhməramlılarının bölgədən çıxmaması, Qarabağ erməniləri arasında radikal elementlərin olması və erməni əsilli rus oliqarx Ruben Vardanyanın gəlişi, Fransa və Rusiya kimi geosiyasi oyunçular. Problemin həlli isə Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında davamlı sülhün əldə olunmasındadır”, - deyə F.Şəfiyev vurğulayır.