Yaponiya portalı Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla görüşü barədə məlumatlar yayıb
Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü barədə məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda dövlətimizin başçısının görüşdəki çıxışından mühüm məqamlar yapon oxuculara təqdim edilib. Qeyd edilib ki, Prezident İlham Əliyev həmin görüşdəki çıxışı ilə keçmiş Sovet İttifaqının süqutu illərində Ermənistandan zorla qovulan azərbaycanlıların hüquqlarının pozulmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Məlumatlarda, həmçinin Azərbaycanın ekoloqlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunda Qarabağdakı təbii sərvətlərimizin qanunsuz şəkildə istismarına qarşı dinc etiraz aksiyası ilə əlaqədar Prezident İlham Əliyevin mövqeyi də əksini tapıb. Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın öz haqlı mübarizəsindən və tələblərindən əl çəkməyəcəyini qətiyyətlə ifadə edib. Azərbaycanın dövlət başçısına istinadla vurğulanıb ki, Azərbaycanın təbii sərvətlərinə qarşı talançılıq yolverilməz beynəlxalq cinayətdir. Bu talançılıq və qanunsuz istismar dərhal dayandırılmalıdır.
Yazılarda, eyni zamanda dövlətimizin başçısına istinadla Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlandığı da qeyd edilib. Xüsusi vurğulanıb ki, həmin Konsepsiya sülhpərvər sənəd olacaq və Azərbaycan bütün beynəlxalq konvensiyalarda məqbul olan müddəalara əsaslanaraq öz hüququnu tələb edəcək.