Misirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Vətənpərvər” - Misirdəki Azərbaycanlıların Diaspor Təşkilatları Birliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, səfirliyin əməkdaşları, Qahirədə yaşayan soydaşlarımız və Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən tələbələrin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səslənib.
Tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən səfir E.Poluxov bu bayramın tarixindən və əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu əlamətdar gündə dünyanın müxtəlif ölkələrində olan azərbaycanlılar doğma Vətən ilə həmrəyliyini nümayiş etdirir, xalqımızın gələcəyi naminə fəaliyyət istiqamətində yeni təkliflərlə çıxış edirlər. Diplomatımız qeyd edib ki, dost ölkə olan Misirdə yaşayan soydaşlarımızı birləşdirən diaspor üzvləri səfirliklə birlikdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə geniş hazırlıq görürlər və diplomatik nümayəndəliyimiz bu işdə onlara köməyini əsirgəməyəcək.
Sonra çıxış edən “Vətənpərvər” – Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov yola saldığımız 2022-ci ildə Azərbaycan həqiqətlərinin ərəb dünyasına çatdırılması, həmçinin xalqımızın tarixinin və mədəniyyətinin təbliği sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib. O diqqətə çatdırıb ki, Misirdə fəaliyyət göstərən Azərbaycan dili kurslarında təhsil alan misirli və əcnəbi tələbələr də bu işdə fəal iştirak edirlər.
Sonra Azərbaycan dili kurslarının müdavimləri İkinci Qarabağ müharibəsində Zəfərimiz haqqında, habelə ölkəmizi vəsf edən şeirlər söyləyiblər.