Deputat: Ədalətli mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin edəcəyik
Qərbi Azərbaycan azərbaycanlıların tarixi və əzəli torpağıdır. Burada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizlənməyə məruz qalmış, öz doğma torpaqlarından didərgin düşməyə məcbur edilmişdir. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş vermişdir. Ermənilər düşünülmüş şəkildə 300 minə yaxın azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət etmiş, dağıtmış və xarabalığa döndərmişlər. Soydaşlarımızın tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyətində indi yaşayış yoxdur və xarabalığa çevrilmiş şəkildə qalmaqdadır. Bu, o deməkdir ki, Qərbi Azərbaycan özünün əzəli sakinlərinin yolunu gözləyir. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır. Qarabağı düşmən işğalından azad etməyimizdən sonra heç oranı görməyən azərbaycanlıların öz doğma yurdlarına qayıtmağına olan ruh yüksəkliyi bu fikri söyləməyimizə imkan verir. Bu bölgənin bütün nümayəndələri doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər.