Azərbaycan-Türkiyə-Türkmənistan formatının yaradılması Türk dünyasının gələcəyi üçün mühüm hadisədir
Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığın inkişafını prioritet istiqamət kimi qəbul edir. Xalqlarımızı birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Bu ilin noyabrında Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında “Türk dünyası böyük bir ailədir” söyləyən dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Ümumilikdə İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar fonunda Türk dünyasının birliyi istiqamətində atılan addımlar, türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin genişlənməsi diqqətdən kənarda qalmır. Bunu cari ildə dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərlərinin say tərkibi, imzalanan sənədlərin əhatə dairəsinin genişləndirilməsi də təsdiqləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da bu birlik amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malikdir.”
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri, səfər çərçivəsində Azərbaycan Prezidentinin Türkiyə və Türkmənistan prezidentləri ilə təkbətək, eyni zamanda, dövlət başçılarının geniş və məhdud tərkibdə görüşləri əlaqələrin gələcək inkişafına xidmət edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi apararaq vahid mövqe ortaya qoyulmasına imkanlar yaratdı. “Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Üçtərəfli Zirvə Görüşünün keçirilməsi, əlaqələrin müxtəlif sahələr üzrə inkişafına yönələn 6 sənədin imzalanması ümumilikdə Türk dünyası üçün mühüm hadisə kimi dəyərləndirilir. Bu səfər Prezident İlham Əliyevin 2022-ci il ərzində Türkmənistana ikinci səfəridir. Bu mühüm məqamları da xüsusi qeyd etməliyik ki, 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ötən ilin yanvarında isə Xəzərdə əməkdaşlıq və qarşılıqlı etimad mühitinin gücləndirilməsinə böyük töhfə kimi dəyərləndirilən Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması da qlobal səviyyədə çox mühüm əhəmiyyət kəsb edir. Memoranduma Azərbaycanın 2020-ci ildə tarixi Zəfərinin yaratdığı yeni reallıqlar kontekstindən yanaşan beynəlxalq ekspertlər bildirirlər ki, sənədin reallaşdırılması həm iki ölkə arasındakı münasibətlərə, həm regional, həm də qlobal əməkdaşlığa veriləcək töhfələrin aydın mənzərəsini yaradır.
“Azərbaycanın qardaş Türkiyə və Türkmənistanla ikitərəfli əlaqələri yüksək səviyyədədir. Bu baxımdan üçtərəfli formatda əməkdaşlığın yaradılması həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsində öz sözünü deyəcək”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, türkdilli dövlətlər beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin çıxışında vurğuladığı kimi, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıblar.
Vüqar Rəhimzadə əlavə edib ki, Prezident İlham Əliyev daim Türk dünyasının birliyinə çalışaraq Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin fonunda digər ölkələrlə də belə sıx birliyin yaradılmasına çağırışlar edib və bu gün də etməkdədir. “İkinci Qarabağ müharibəsində dünyaya nümunə olan bu birlik, həmrəylik bir çox məqamları özündə ehtiva edərək türkdilli dövlətlərin postmünaqişə dövründə birliyi məsələsini daha da aktuallaşdırdı. Vətən müharibəsinin başlandığı ilk gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı dünyaya səs saldı, bu dostluğun, qardaşlığın sarsılmazlığının təqdimatı oldu. Ötən il 15 İyun-Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşa Azərbaycan və Türkiyənin dostluğunu, qardaşlığını, müttəfiqliyini rəsmi şəkildə təsdiqləyən sənədə şahidlik etdi. Şuşa Bəyannaməsi iki qardaş ölkənin əlaqələrinin gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirildi. Ümumilikdə dövlət başçısı İlham Əliyevin ötən il Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi məhz möhtərəm Prezidentimizin Türk dünyasının birliyinə verdiyi töhfələrin aydın ifadəsidir”, - deyə o qeyd edib
YAP Xətai rayon təşkilatının sədri pandemiya dövründə də Azərbaycanın irəli sürdüyü təşəbbüslər sırasında Türk dünyasının birliyinə xidmət edən addımları xüsusi diqqətə çatdırıb. Bildirib ki, Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün keçirilməsi bunun bariz nümunəsidir. Ölkəmiz hər zaman birlik, həmrəylik təşəbbüsləri ilə çıxış edir, dünyaya dostluq, əməkdaşlıq mesajlarını ünvanlayır. Azərbaycan yerləşdiyi coğrafi məkana görə dövlətlər, xalqlar arasında əməkdaşlıq körpüsü rolunu oynayır. Heç də təsadüfi deyil ki, Azərbaycanın bu mövqeyi beynəlxalq səviyyədə təqdir edilir.
“Hər bir Zirvə Görüşü münasibətlərin dünəninə baxış fonunda qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Artıq göründüyü kimi, türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımlamaları reallıqdır. Bu reallığın formalaşdırılması üçün əməli addımlar atılır, təqdirəlayiq nəticələr əldə olunur, qazanılmış hər bir nailiyyət növbəti uğurlarla möhkəmləndirilərək daha da inkişaf etdirilir. Postmünaqişə dövrünün yeni reallıqları, xüsusilə Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da möhkəmləndirəcək. Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Üçtərəfli Zirvə Görüşündəki çıxışında diqqəti Zəngəzur dəhlizinin açılması məsələsinə yönəldərək bildirdi ki, hazırda dəhlizin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”, - deyə Vüqar Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, Türk dünyası üçün möhtəşəm bir gələcək başlanır. Ölkələr arasında əlaqələrin ikitərəfli, yaxud üçtərəfli formatda yüksələn xətlə inkişafı Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın dərinləşməsini şərtləndirir. Ümumi nəticə budur ki, türk dövlətləri bundan sonra da bütün məsələlərdə bir-birlərini dəstəkləyəcək, əməkdaşlıq edəcək, imzalanacaq yeni-yeni sənədlər münasibətlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi baza olacaq. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulayan dövlət başçısı İlham Əliyev bu inamı ifadə edir ki, belə görüşlər bundan sonra müntəzəm keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək. Zirvə Görüşünün ölkələrimiz, bölgəmiz və bütün Türk dünyası üçün xeyirli olmasını arzulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu inamı ifadə etdi ki, qardaşlıq bağlarımızla güclənən əlaqələrimiz sahib olduğumuz strateji üstünlüklər əsasında daha da genişlənəcək. Hədəfimiz qlobal və regional dinamika ilə birlikdə inkişaf edən yeni imkanları insanlarımızın rifahı və bölgəmizin sabitliyi naminə dəyərləndirməkdir. Qardaşlar olaraq əl-ələ verib həmrəylik içərisində hərəkət etdiyimiz bütün məsələlərdə mütləq uğur qazanacağıq. Qarabağın 30 ilə yaxın işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin