Xəbər lenti
Dəmir yumruq » Siyasət » Bakıda Qətərin Milli Günü qeyd olunub
Siyasət / 16-12-2022, 20:30

Bakıda Qətərin Milli Günü qeyd olunub

Qətər Dövlətinin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Milli Günün qeyd olunmasının bu il xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, bu il Qətər FIFA Dünya Çempionatına ev sahibliyi edir. Hər iki tədbir Qətər xalqının mədəniyyətini dünyaya nümayiş etdirmək imkanı yaradır.

Səfir 2023-cü ildə Qətər-Azərbaycan ikitərəfli münasibətlərinin 30 illiyinin qeyd olunacağını bildirərək ikitərəfli münasibətlərin səviyyəsindən qürur duyduğunu vurğulayıb.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasındakı əlaqələr bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və sosial sahələrdə dostluq və əməkdaşlıq tellərinin möhkəmləndirilməsi, xalqlarımız və ölkələrimiz üçün daha çox tərəqqi və firavanlığa nail olmağa yönələn maraq və əzmlə səciyyələnir.

Qətər Dövləti siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməklə, ticarət mübadiləsini və investisiya imkanlarını asanlaşdırmaqla Azərbaycan Respublikası ilə əlaqələri gücləndirməyə çalışır”, - deyə səfir bildirib.

Tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycan ilə Qətər arasındakı münasibətlərdən söz açıb. Vurğulayıb ki, iki dövlətin liderləri arasındakı dostluq, qarşılıqlı səfərlər münasibətlərimizin inkişafında mühüm rol oynayır. Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın, Dohada Azərbaycan Ticarət Evinin fəaliyyəti ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verir. İki ölkənin tərəfdaşlığının genişləndirilməsi üçün energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində böyük potensial var.

“Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində və neft-qaz məhsullarının ticarəti ilə məhdudlaşan enerji əməkdaşlığının yeni müstəvidə qurulması üçün münasib vaxtdır.

Xüsusilə azad edilmiş ərazilərin “xalis sıfır” emissiyaya malik “yaşıl enerji” zonası konseptində inkişafı, eyni zamanda, “yaşıl artım” və təmiz ətraf mühitə nail olmağa ölkənin milli prioriteti səviyyəsində yanaşma çox istiqamətli enerji əməkdaşlığı üçün fürsət yaradır.

Hazırda Qətərin “Nebras Power” şirkəti ilə energetika sahəsində müxtəlif layihələr, o cümlədən Yaşmada inşası planlaşdırılan qaz-turbin elektrik stansiyası layihəsi üzrə müzakirələr aparılır.

Bizim hədəfimiz Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafının təmin edilməsidir və bu prosesdə “Nebras Power” şirkəti ilə əməkdaşlıq üçün yeni imkanlar mövcuddur”, - deyə energetika naziri qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.