Türkiyə və Türkmənistanla siyasi əlaqələrimiz strateji müttəfiqlik səviyyəsindədir
Ölkəmizin həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Azərbaycan və Türkiyə arasında keçən il imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Həmçinin 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə də imzalanıb. Bir sözlə, Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Bütün bunların isə obyektiv əsasları vardır. Belə ki, ölkələrimiz bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov söyləyib.
“Dekabrın 14-də Türkmənistanda təşkil olunmuş üçtərəfli Zirvə Görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev hər üç ölkə arasında olan yüksəksəviyyəli əlaqələrdən bəhs edərkən bildirdi ki, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Ölkələrimiz arasında mövcud olan iqtisadi əməkdaşlığın inkişaf dinamikası da deyilənləri əyani formada sübut edir. Cari ilin yanvar-oktyabr aylarında ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb”, - deyə deputat qeyd edib.
O bildirib ki, Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atdığını qeyd edib. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edib. Artıq Azərbaycan əhəmiyyətli tranzit ölkəsinə çevrilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. Zəngəzur dəhlizinin açılması da Azərbaycanın, eləcə də regionun tranzit imkanlarını daha da artıracaq. Zirvə Görüşündə bu haqda danışarkən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.
“Azərbaycan regionun logistik potensialını zənginləşdirən layihələri uğurla icra edən ölkədir. Dövlətimizin başçısı Azərbaycanın bu sahədə olan imkanlarını təhlil edərkən bildirdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu sahədə Bakı-Tbilisi-Qars dəmir yolunun özünəməxsus yeri vardır. Layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycan 18 yük təyyarəsi ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub”, - deyə deputat diqqətə çatdırıb.
Cavid Osmanov bildirib ki, həyata keçirilən layihələr ölkəmizin və regionun tranzit-nəqliyyat imkanlarının daha da genişləndirilməsinə xidmət edir. Həmçinin Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad edilməsi regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkanlar yaradıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin