Bakı-Ankara-Aşqabad münasibətləri yeni mərhələyə qədəm qoydu
Azərbaycan Prezidentinin Türkmənistana səfəri bir daha göstərdi ki, Avrasiyanın orta xəttində məhz rəsmi Bakının Ankara ilə qardaşlıq ittifaqı nəticəsində ciddi şəkildə dəyişikliklər baş tutmaqdadır. Etiraf edilməlidir ki, məsələyə bu gün yox, dünənlə yanaşanda türk dövlətləri ilə yeni ittifaqların qurulması, siyasi-iqtisadi münasibətlərin inkişafı heç də asan olmayıb.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, uzun müddətdir türk dövlətləri arasında münasibətlərin inkişafına maneə olan xarici qüvvələr var idi. Ümumiyyətlə, tarixən türklər arasında nifaq salan müxtəlif dairələr olub. Onlar, əslində, bu nifaq nəticəsində ayrı-ayrı digər qeyri-türk dövlətlərinin gücləndirilməsini, bu coğrafiyaların işğalını təmin edirdilər. 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələri və ümumilikdə bütün Türk dünyası arasında əlaqələrin inkişafı istiqamətində çox vacib işlər gördü. Onun başçılığı altında təşkilati işlərin, müxtəlif layihələrin və təkliflərin şahidi olduq. Dünən baş tutan ikitərəfli və üçtərəfli görüşlərin də əsas məğzi məhz siyasi münasibətləri daha da yaxşılaşdırmaq, iqtisadi layihələri reallaşdırmaq idi.
Zaur Məmmədov, həmçinin deyib ki, Türkmənistan Xəzər dənizinin Şərq qapısıdır. Bu ölkə çox zəngin təbii resurslara, xüsusilə təbii qaz ehtiyatlarına malikdir. Amma hələ ki, Türkmənistan “mavi yanacağ”ını istədiyi bütün istiqamətlərə çatdıra bilməyib. Burada Azərbaycan xüsusi rol oynaya bilər. Eyni zamanda, ticarət, yükdaşımalarda və nəqliyyatda da həm Türkmənistan limanları, həm də Bakı ətrafında olan limanlar xüsusi önəm daşıyır. Xüsusilə hadisələrin indiki fonunda limanlar arasında əlaqələrin güclənməsi, tarif məsələsinə yenidən baxılması və daşımalarla, Şərq-Qərb ticarəti ilə bağlı işlərin gücləndirilməsinə çox böyük ehtiyac var. Dünənki görüşdə Bakı, Aşqabad və Ankara arasında əsas müzakirə mövzusu bu məsələ oldu.
Azərbaycan, Türkiyə və Türkmənistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu söyləyən Zaur Məmmədov qeyd edib ki, Bakı və Aşqabad çox vacib layihələrin icraçısı və əsas təşkilatçısı qismində çıxış edəcəklər. Ölkələrimiz arasında münasibətlər bizə optimist olmağa və gələcəkdə çox böyük işlərin görüləcəyini əminliklə deməyə əsas verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin