Aİ Ermənistandakı müşahidə missiyasının mandatını uzatmayacaq
Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası dekabrın 19-da fəaliyyətini başa vuracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel quruma üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə belə bir qərarın qəbul edildiyini bildirib.
Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası oktyabrın 17-də keçirilmiş iclasında Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Avropa İttifaqının 40-a yaxın monitorinq eksperti yerləşdiriləcəyi barədə qərar qəbul edib. Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox davam etməyəcək. Bu qərar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş dördtərəfli görüşdən sonra verilib. Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmçinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərini asanlaşdırılmasıdır.