Niderland Krallığında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstəsi qoyaraq, onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev Ümummilli Liderin həyat və fəaliyyətindən, Vətənimiz qarşısında tükənməz xidmətlərindən danışıb. O, Ulu Öndərin ölkəmizin dünya miqyasında tanınması, beynəlxalq arenada nüfuzunun artması, habelə Azərbaycan diasporunun formalaşması istiqamətində göstərdiyi müstəsna fəaliyyətə toxunub. Ümummilli Liderin gənclərin fəaliyyətinə önəm verdiyini vurğulayaraq, xaricdə yaşayan gənclərin sadalanan sahələrdə aktivlik nümayiş etdirməsinin zəruriliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edib.
Sonra “Dayaq” Vətən müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək ictimai birliyinın sədri Qalib Əliyev, “Niderland Azərbaycanlıları Koordinasiya Şurası”nın əlaqələndiricisi Elxan Mirhəşimli, “Benilüks Azərbaycanlıları Konqresi”nin rəhbəri Elsevər Məmmədov, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri Mayisə Ağamirzəyeva, “Hollandiya Azərbaycan Türk Dərnəyi”nin rəhbəri İlhan Aşkın, “Avropa Azərbaycanlıları Konqresi”nin fəxri prezidenti Sahil Qasımov və “Birlikdə güclüyük fondu”nun rəhbəri İlkanə Yusifova Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.