Xəbər lenti
Dəmir yumruq » Siyasət » Şuşa - Heydər Əliyev arzularının zirvəsi
Siyasət / 11-12-2022, 18:40

Şuşa - Heydər Əliyev arzularının zirvəsi

"Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir".
Şuşa haqqında fikirlərini, Qarabağın mədəniyyət qalasının onun ürəyində hansı məqamda olduğunu bu sözlərlə bəyan etmişdi Ulu Öndər Heydər Əliyev.
Ulu Öndər üçün Şuşa təkcə yaşayış məkanı deyildi, O, Şuşanı azərbaycanlıların milli rəmzi, mədəniyyətimizin, tariximizin simvolu hesab edirdi.
Buna görə də Şuşanın azadlığı hər zaman Ulu Öndərin arzularının şah ünvanında yerləşirdi.



"Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur"



Vaxtilə Şuşada quruculuq işləri həyata keçirən, orada mədəniyyətimizin inkişafına böyük töhfə verən, ən əsası, tarixi şəhərimizdə erməni məkrinin rişələnməsinə imkan verməyərək, azərbaycançılıq məfkurəsinin özülünü qoyan Ulu Öndər üçün Şuşanın işğal altında qalması böyük əzab idi.
Böyük siyasətçi Azərbaycanın dar günlərində xain və satqın idarəçilərin Şuşanı ermənilərə satması ilə heç cür razılaşa bilmirdi və hər vəchlə qürur qalamızın, eləcə də işğal altında olan digər torpaqlarımızın azadlığına çalışırdı.
Heydər Əliyev qəti əmin idi ki, ya sülh, ya da hərb yolu ilə bir gün Şuşa və digər rayonlarımız mütləq erməni işğalından azad ediləcək. Ulu Öndər hər çıxışında, nitqində bu inamını ifadə edirdi, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur" deyirdi.
Hələ sovet dövründə, Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illər ərzində Ulu Öndər Heydər Əliyev Şuşada, Qarabağda milli ruhun yüksəlməsi üçün mühüm addımlar atır, erməni milliyyətçilərinə qarşı qətiyyətli mübarizə apararaq onların riyakarlıqla qədim torpaqlarımızı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək kimi məkrli niyyətlərinin həyata keçirilməsinə imkan vermirdi.
Qarabağın tarixinə, mədəniyyətinə, incəsənətinə, iqtisadiyyatına mükəmməl şəkildə bələd olan Heydər Əliyev bu bölgəni hərtərəfli inkişaf etdirməyə çalışırdı və buna nail olurdu. Dahi siyasətçi o zaman məqsədyönlü şəkildə Qarabağın inkişafına mane olan xain düşmənin məkrli planlarını alt-üst edirdi.
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşaya zəngin tarixi abidə, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq qalası kimi baxan Ulu Öndər bu şəhərdə müstəsna işlər gerçəkləşdirirdi.
1970-ci illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə xüsusi qərarlar qəbul edilmişdi. Bu qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri, məscidləri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana, ayrı-ayrı inzibati binalar tikilmişdi. Həmçinin Qarabağın incisi olan Şuşa çox mötəbər bir statusa qaldırılmış, ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi. Həmin vaxtlar Sovet İttifaqının çox yerlərindən insanlar Şuşaya istirahətə gəlir, eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə də əyani tanış olurdular.



Şuşada tarixi gün



Ulu Öndərin özünün xatirələrində də yer aldığı kimi, o, hələ 1967-ci ildə Şuşada olarkən görkəmli şair Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdi. Buna görə də Ulu Öndərin göstərişi ilə məzar tapılmış və Heydər Əliyev bərbad halda olan dağılmış məzarı ziyarət etmişdi. Sonradan nitqlərinin birində bu məzarın Vaqifə layiq olmadığını vurğulayan Heydər Əliyev qərar verərək bildirmişdi ki, böyük şairə onun şanına layiq məqbərə ucaldılmalıdır.
1980-1981-ci illərdə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə möhtəşəm abidə, türbə ucaldılmışdı. 1977-ci ildə inşasına başlanan məqbərə Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə tikilmiş, Vaqifin möhtəşəm abidəsinin təntənəli açılışı isə 1982-ci il yanvar ayının 14-də Ulu Öndərin iştirakı ilə baş tutmuşdu...
O gün Şuşaya lopa-lopa qar yağırdı və Şuşanın zirvəyə qalxan yolları buzla örtülmüşdü. Ulu Öndər Heydər Əliyevin Şuşaya gələcəyini əvvəlcədən eşidən şuşalılar, eləcə də Qarabağın digər bölgələrindən bura axışan insanlar küçələrə axışaraq dahi rəhbərin pişvazına çıxmışdılar.
Həmin gün Heydər Əliyevlə bərabər Şuşaya gedən Prezident İlham Əliyev düz 39 ildən sonra - 2021-ci il yanvarın 15-də təkrar Şuşaya səfər edərək, illər əvvəl açılışı Heydər Əliyev tərəfindən keçirilən və işğal zamanı erməni vandallarının dağıtdığı Vaqifin tarixi məqbərəsinin qarşısında çıxış edərək o günləri belə xatırlamışdı: "...Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlarda var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı".



Milli ruhun şəhəri



Qışın oğlan çağında, qara, şaxtaya baxmayaraq, Şuşaya ailəsi, Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimləri ilə birlikdə səfər edən Ulu Öndərin bu addımı həm də onun Şuşanın tarixinə, mədəni irsinin qorunmasına göstərdiyi yüksək diqqəti əyani təcəssüm etdirirdi.
1982-ci ildə Ümummilli Lider Heydər Əliyev Şuşaya səfəri zamanı həm də orada Vaqifin məqbərəsi ilə yanaşı, Poeziya Evinin də açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etmişdi. Heydər Əliyev həmin vaxt Vaqif Poeziya Günlərinin keçirilməsi barədə göstəriş vermişdi. Bununla da hər il avqust ayında Vaqif Poeziya Günləri keçirilirdi. Şuşada olarkən Ulu Öndər Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla da tanış olmuş, onların qorunmasına dair tövsiyələrini vermişdi.
Bir ildə ikinci dəfə, 1982-ci ilin avqustunda da Şuşaya gələn Heydər Əliyevin iştirakı ilə şair Xurşidbanu Natəvanın abidəsinin açılışı həyata keçirilmişdi.
Bütün bu tarixi faktlardan da aydın görünür ki, Şuşa Heydər Əliyev üçün yalnız Azərbaycanın hansısa şəhəri yox, ümumilikdə azərbaycançılığın, milli ruhun, tarixi, mənəvi dəyərlərin birləşdiyi müqəddəs məkan idi.
Ulu Öndər deyirdi ki, Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir: "Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".
Təəssüf ki, erməni vandalları 30 illik işğal dövründə zamanla güddükləri məkrli niyyətlərini həyata keçirdilər və digər işğal altında olan ərazilərimizdə olduğu kimi, Şuşada da Azərbaycan mədəniyyətinə qarşı terror siyasəti həyata keçirdilər. Barbar ermənilər mədəniyyət şəhərimizdə tarixi, mədəni, dini abidələrimizi məhv etdilər, oranı özlərininkiləşdirməyə çalışdılar, amma riyakarlar nə etsələr də, Şuşadan Azərbaycan ruhunu silməyə müyəssər olmadılar.



Şuşanın tarixi əzəməti özünə qaytarılır



Müzəffər sərkərdə İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də qazandığı Şuşa qələbəsi həm də Ulu Öndər Heydər Əliyevin müqəddəs arzularının həyata keçməsi idi.
Bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev Şuşanı tarixi əzəmətinə qovuşdurur.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını layiqincə yaşadan Heydər Əliyev Fondu tərəfindən Şuşadakı tarixi irsimiz müvəffəqiyyətlə bərpa olunur. Eləcə də Şuşanın mədəni ənənələri özünə qaytarılır, artıq ikinci dəfə Şuşada baş tutan "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri bunun əyani təcəssümüdür.
İndi Şuşa beynəlxalq tədbirlərə, konfranslara evsahibliyi edən məkana, mühüm bəyannamələrin imzalandığı unikal ünvana çevrilib.
270 illik tarixini qeyd etdiyimiz Şuşa 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olmaq kimi qürurlu missiyanı şərəflə yerinə yetirəcək.
Qalib lider İlham Əliyevin qətiyyətlə təmin etdiyi və Şuşanın timsalında Azərbaycanın əldə etdiyi bütün bu müstəsna uğurlar isə heç şübhəsiz gələn il 100 illik yubileyini qeyd edəcəyimiz Ulu Öndərin vaxtilə yürütdüyü uğurlu siyasətin bünövrəsi üzərində ucalıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.