Xəbər lenti
Dəmir yumruq » Siyasət » Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Siyasət / 11-12-2022, 05:23

Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Rusiyadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri, Liberal-Demokratik Partiyasının sədri Leonid Slutski, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya XİN-in rəsmiləri, Moskvadakı diplomatik korpusun, Rusiya ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları, diaspor təşkilatlarının üzvləri və Moskvada Heydər Əliyevlə birgə işləmiş sabiq silahdaşları iştirak ediblər.

Foyedə Ulu Öndərin həyatından bəhs edən fotosərgi təşkil olunub, kitablar nümayiş etdirilib.

Tədbiri açan səfir Polad Bülbüloğlu qeyd edib ki, Heydər Əliyev hələ sovet dövründə respublikaya rəhbərliyi zamanı öz prinsipiallığı, səriştəsi və dərin biliyi sayəsində qısa müddət ərzində Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikaları sıralarına çıxarmışdır. Səfir Heydər Əliyevin zəngin həyat yolu, Ümummilli Liderin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi 30-dan çox nazirliyə rəhbərlik etməsi, ölkə üçün gördüyü böyük işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək vurğulayıb ki, Baykal-Amur magistral xəttinin tikintisi məhz Heydər Əliyev tərəfindən nəzarətə götürüldükdən sonra geniş vüsət alıb.

Heydər Əliyev çoxlu sayda insan ölümü ilə nəticələnmiş “Admiral Naximov” gəmisindəki qəzanın səbəblərini araşdıran komissiyanın rəhbəri kimi faciə yaşamış hər bir ailənin üzvünü şəxsən qəbul etmiş, onların problemlərin həllinə xüsusi diqqət yetirmişdi.

Polad Bülbüloğlu qonaqların diqqətinə çatdırıb ki, Ümummilli Lider 1993-cü ildə xalqın dəvəti ilə Naxçıvandan Bakıya qayıdıb, tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə olan müstəqil Azərbaycana rəhbərlik etməyə başlayıb. Bu çətin vəziyyətdə o, böyük nüfuzu, bacarığı və təcrübəsi sayəsində çox qısa müddətdə respublikada stabilliyi bərpa edə bilib, ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub.

“Heydər Əliyev memarlıq təhsili alsa da, memar olmamışdı. O, sözün daha geniş mənasında - doğma Azərbaycanın memarı oldu. Bugünkü Azərbaycan Ümummilli Liderin əsəridir. Həm də o mənada ki, bu gün respublikaya uğurla rəhbərlik edən belə bir oğul böyüdüb”, - deyə diplomat bildirib. Səfir vurğulayıb ki, Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edərək, Qarabağı, Vətənimizin mirvarisi olan Şuşa şəhərini Azərbaycana qaytarıb, Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının arzusunu reallaşdırıb, bununla da adını ölkə tarixinə qızıl hərflərlə həkk edib.

Polad Bülbüloğlu Zərifə xanım Əliyeva ilə bağlı xoş xatirələrini də bölüşüb.

Səfir deyib: “Bu gün Ümummilli Liderin ruhu şaddır. Belə ki, Azərbaycan 44 günlük Vətən müharibəsində inamlı Qələbə qazandı. Bu Qələbə öz ölkəsinin azadlığı uğrunda canından keçmiş Azərbaycan övladlarının xidmətidir. Allah onlara rəhmət eləsin”.

Polad Bülbüloğlu Heydər Əliyevin mədəniyyət sahəsinə qayğısından danışıb, Ulu Öndərin xatirəsinin kitablarda, rəsmlərdə, filmlərdə, onu tanıyan hər bir insanın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədi sevgi" kitabının təqdimatı keçirilib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova çıxışında sözügedən kitabdan sitatlar gətirərək, qonaqlara nəşrin müəllifi və onun ərsəyə gəlmə tarixçəsi barədə ətraflı məlumat verib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Daha sonra qonaqlar ehsan süfrəsinə dəvət olunublar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.