Vayra Vike-Freyberqa BMT-nin köhnəlmiş strukturunu tənqid edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa TRT 6-cı Dünya Forumundakı çıxışında Ukrayna limanlarından taxıl daşınması prosesinin davam etməsinin vacibliyini vurğulayıb, eyni zamanda, BMT-ni tənqid edib.
Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
“Dünyada lazım olan meyvə, taxıl və məhsullarla zəngin sahələr (Ukraynada) dağıntıya və mina təhlükəsi olan ərazilərə çevrilib”, - deyə o bildirib.
Xanım Freyberqa BMT və digər beynəlxalq təşkilatların köhnəlmiş strukturunu tənqid edərək, "müdaxilə etmək və çox ehtiyac duyulan sülhü təmin etmək baxımından təşkilatın tamamilə iflic olduğunu" söyləyib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü və BMT-nin 75-ci Baş Assambleyasının prezidenti Volkan Bozkir isə çıxışında Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı deyib: "Türkiyə Avropa İttifaqına qoşulmaq üçün ən səbirli və etibarlı namizəd olduğunu göstərib… Əsas qərarverici ölkələr tərəfindən siyasi konsensus əldə olunarsa, bir həftədən sonra üzv olacaqsınız. Ancaq konsensus yoxdursa, bəhanələr gətirəcəklər."
Volkan Bozkır Türkiyənin NATO-dakı əhəmiyyətini də vurğulayıb. “ABŞ NATO-da böyük və çox əhəmiyyətli yer tutur, ancaq Türkiyə olmadan hazırda əldə olunan nəticələr və güclü NATO haqqında düşünmək mümkünsüzdür”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə TRT Dünya Forumunun ilk əməkdaşlığıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin