Sergey Məlikov: Azərbaycanlılar Dağıstanın inkişafına töhfə verirlər
Dekabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən Sahibə Qafarova xalqlarımız arasında əsrlər boyu davam edən tarixi əlaqələrin mövcud olduğunu, bu münasibətlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunu diqqətə çatdıraraq, qarşılıqlı səfərlərin də bu münasibətlərə töhfə verdiyini bildirib. Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələri haqqında danışan Milli Məclisin sədri bu sahədə parlamentlərarası əlaqələrin də özünəməxsus rolunu qeyd edib.
Söhbət zamanı parlamentin sədri Rusiya Federasiyası Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan ikitərəfli əlaqələr haqqında məlumat verib.
Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışan S.Qafarova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şəraitin yaranması, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana bir sıra təkliflər irəli sürməsi, həmçinin Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında geniş məlumat verib.
Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük quruculuq və bərpa işləri haqqında məlumat verib. O qeyd edib ki, bu ərazilərin yenidən qurulması və Zəngəzur dəhlizinin açılması həm regional kommunikasiyaların bərpasına, həm də bölgənin inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.
Səmimi sözlər üçün təşəkkürünü bildirən Dağıstanın rəhbəri Sergey Məlikov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun salamlarını Milli Məclisin sədrinə çatdırıb.
Qonaq Prezident İlham Əliyevlə bugünkü görüşü zamanı aparılan fikir mübadiləsindən razılığını ifadə edib. O, Azərbaycanın dinamik inkişafından məmnunluğunu qeyd edərək bildirib ki, Dağıstan Azərbaycanla sosial-iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. O, qanunverici orqanların bu münasibətlərin inkişafında oynadığı rolu diqqətə çatdırıb.
Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını, Dağıstanın inkişafına töhfə verdiklərini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputatlar - Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Azər Badamov, Sevil Mikayılova, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin