Münaqişə bölgələrində çəkinmədən fəaliyyət göstərən jurnalistlər ehtirama layiqdirlər
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında əsas müzakirə mövzusu danimarkalı deputat Morgens Yensenin hazırladığı “Media azadlığının və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində üzv dövlətlərin öhdəliyi” adlı məruzə olub.
AZƏRTAC xəbər verir ki, iclasda Avropa Şurasının İnsan haqları üzrə komissarı Dunya Miyatoviç, Avropa Jurnalistlər Federasiyasının Baş katibi Rikardo Qutierrez, eləcə də insan hüquqları, mətbuat hüquqları üzrə mütəxəssislər iştirak ediblər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrdə çıxış edərək, problemin son dərəcə vacibliyini xüsusi vurğulayıb. Azərbaycan nümunəsində jurnalistlərin riskli zonalarda üzləşdiyi konkret hadisələrə diqqət çəkib. Avropada və dünyanın müxtəlif ölkələrində qaynar nöqtələrdə həyatlarını riskə atan, təhlükələrdən çəkinməyərək münaqişə bölgələrində fəaliyyət göstərən hər bir cəsur jurnalistin ehtirama layiq olduğunu deyib.
Azərbaycana qarşı Ermənistanın 30 ilə yaxın müddətdə davam edən təcavüzü zamanı cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olan, yaralanan jurnalistlərimizdən, televiziya işçilərindən söz açıb. Bildirib ki, gərgin döyüşlərin getdiyi müddətdə, müharibə dövründə də jurnalistlər həlak olur, döyüşlərin bitdiyi, tərəflər arasında müəyyən anlaşma əldə ediləndən sonra da itkilər olur. Münaqişə bitəndən sonra jurnalistlərin itkisi daha ağır olur.
Qeyd edilib ki, 44 günlük müharibə 2020-ci ilin noyabrında Azərbaycan torpaqlarının azad olunması ilə başa çatdıqdan və Azərbaycan, Ermənistan, Rusiya arasında üçtərəfli Bəyanatın imzalanmasından sonra da həmin bölgələrdə azərbaycanlı jurnalistlər minaya düşərək həlak olublar. Hadisə əvvəldən basdırılmış və xəritələri gizlədilən minalı ərazilərdə deyil, ondan kənarda baş verib. “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, son aylarda ərazilərdə basdırılan minalar Ermənistanda 2021-ci ildə istehsal edilib. Bu isə minaların və partlayıcıların orada üçtərəfli Bəyanatın imzalanmasından sonra məxfi şəkildə yerləşdirildiyini sübut edir. İşğaldan azad olunmuş ərazilərə isə indi yalnız Azərbaycanın deyil, xarici ölkələrin də jurnalistləri mütəmadi səfərlər edir. Hətta dinc şəraitdə belə onların bu cür dəhşətlərlə üzləşmək təhlükəsi qalmaqdadır”, - deyə R.Hüseynov ərazilərimizdə qeyri-qanuni minaların yerləşdirilməsi haqqında danışıb.
Media azadlığı məsələsinə toxunan məruzəçi bildirib ki, hər bir jurnalistin sərbəst ifadə imkanları da olmalıdır, onun təhlükəsizliyinin və rahat, azad fəaliyyət şəraitinin təmin edilməsi də zəruridir. Bunlarla yanaşı digər bir zərurət də var ki, bu da jurnalistin yüksək peşəkarlığı məsələsidir. Peşəkarlıq jurnalisti qoruyan zirehdir. Professional jurnalist hətta ən sərt fikirləri də yetərincə peşəkarlığı olmayanla müqayisədə mətbuata çıxarmağı bacarır və təhlükə ilə də qarşılaşmır. Peşəkarlığa münaqişə bölgələrində, döyüş zonalarında çalışarkən hansı ümdə şərtlərə riayət etmək, hansı vərdişlərə yiyələnmək də daxildir. Ona görə də əlaqədar beynəlxalq təşkilatlar bir çox fəsadların baş verməsinin qarşısını almaq üçün jurnalistlərin daha yüksək peşəkarlığının təmin edilməsi istiqamətində mütəmadi təlimlər keçməli, kurslar təşkil etməli, təcrübə mübadiləsinə geniş yer verməlidirlər. Bədbəxt hadisələrin qarşısının alınması üçün öncədən addımlar atmaq vacibdir.