Xəbər lenti
Dəmir yumruq » Siyasət » Türkün düşmənlərinə daha bir siqnal
Siyasət / 5-12-2022, 14:37

Türkün düşmənlərinə daha bir siqnal

Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri uzun zamandır davam edən qardaşlıq əlaqələrinin daha bir təcəssümüdür. Nəzərə almaq lazımdır ki, bu təlimlərə qədər iki ölkənin bir çox sahələrdəki əlaqələri daha da inkişaf edərək strateji müttəfiqlik mərhələsinə yüksəlib. Bizim hərbi sahədə və müdafiə sənayesi potensialı baxımından birgəliyimiz labüddür. Artıq iki ölkə münasibətlərini ən yüksək səviyyəyə çatdırıb. Əlavə olaraq da Şuşa Bəyannaməsi münasibətlərimizin dərinliyini müəyyənləşdirən vacib sənəddir. Bundan sonra isə hərbi təlimlərin sayı daha çox olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu NATO standartlarına uyğun olaraq yenidən formalaşdırılır. Bu prosesdə də qardaş Türkiyə hərbi sisteminin Azərbaycan Ordusuna tətbiqi vacibdir. İki qardaş ölkənin müttəfiqliyi istər hərbi, istərsə də digər sahələrdə bölgəyə ancaq sülh və sabitlik bəxş edir. Təxribatçı Ermənistan, İran və onların havadarlarının birgəliyimizdən narahat olmağı başadüşüləndir. Çünki ölkələrimizin siyasi və hərbi gücə çevrilməyini həzm edə bilməyənlər ortaq hərbi təlimləri özlərinə gözdağı hesab edirlər. Amma Azərbaycan və Türkiyənin bir çox sahələrdəki əməkdaşlığı əsla üçüncü qüvvələrə qarşı yönəlməyib. İrandan və digərlərindən fərqli olaraq biz bu günə qədər heç kimi hərbi təlimlərlə təhdid etməmişik.

Bütün qoşun növləri təlimlərə cəlb edilib. Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Ordusunun müvafiq bölmələri ilə uğurlu təlimlər həyata keçirirlər. Hesab edirəm ki, bu, gələcəkdə Türk Dövlətləri Təşkilatı (TDT) nəzdində də ortaq hərbi təlimləri labüd edir. Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığı dostlarımızı sevindirir. Çünki bu təlimlər TDT nəzdində hərbi inteqrasiyanın daha da güclənməsinə əvəzsiz töhfələr verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərindən narahat olan qüvvələr iki ölkənin qardaşlığını həzm etməyənlərdir. Daha əvvəl də iki ölkənin çoxlu sayda birgə təlimləri həyata keçirilib: “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və “Heydər Əliyev-2020”, Konyada keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri iki ölkənin hərbi potensialını daha da inteqrasiya etməyinə səbəb oldu. Bakıda “ADEX-2014, “ADEX-2016”, “ADEX-2018”, İstanbulda isə “IDEF-2017”, “IDEF-2019” və “IDEF-2021” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına önəmli töhfələr verdi. Bu baxımdan 2020-ci il iyul ayının sonundan başlayan genişmiqyaslı “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönələrək mühüm bir mərhələni özündə ehtiva etdi”.

Ekspertin fikirlərinə görə, Şuşa Bəyannaməsi ilə iki dövlət arasında müttəfiqlik münasibətləri keyfiyyətcə yeni, daha yüksək səviyyəyə yüksəlib. Bu sənəd qardaş ölkələr arasında münasibətlərin perspektivləri üçün yol xəritəsi kimi dəyərləndirilir. Möhkəm zəmin üzərində qurulan gələcək əməkdaşlıq beynəlxalq müstəvidə fəaliyyətlərin uzlaşdırılmasını, siyasi, iqtisadi-ticarət, humanitar-mədəni əlaqələrinin möhkəmləndirilməsini, ümumiyyətlə, həyatın bütün sahələrini əhatə edəcək. Bəyanatda müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb. Bu, indiki geosiyasi reallıqlar fonunda müstəsna önəm daşıyır. Azərbaycan və Türkiyə dünyaya bəyan ediblər ki, bundan sonra da hər zaman bir yerdə olacaqlar və bir-birinin təhlükəsizliyinin təmin olunmasında yer alacaqlar.

Tural İsmayılov əlavə edib ki, Prezident İlham Əliyev dəfələrlə ortaq ordunun yaradılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının ADA Universitetindəki nitqində iki qardaş dövlətin - Azərbaycan və Türkiyənin vahid orduya malik olması barədə dedikləri bütün Türk coğrafiyası üçün bir yol xəritəsi hesab edilir. İranla sərhəddə ortaq təlimlər və bütün qoşun növlərinin bu təlimlərə cəlb edilməsi də ayrıca bir mesaj xarakteri daşıya bilər. Bu gün Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi ilə İranın rəqabət aparmaq imkanları isə ümumiyyətlə, mövcud deyil.

“Yaxın gələcəkdə TDT nəzdində hərbi əməkdaşlığın daha da genişlənməsinə şahidlik edəcəyik. Eyni zamanda, Azərbaycan-Türkiyə hərbi təlimlərinin arealının genişlənəcəyini və TDT-nin ortaq hərbi təlimlərinə zəmin yaradacağını proqnozlaşdırmaq olar”, - deyə politoloq vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.