Xəbər lenti
Dəmir yumruq » Siyasət » Makron nəticə etibarilə siyasətində öz dizaynının tələsinə düşür - TƏHLİL
Siyasət / 3-12-2022, 15:55

Makron nəticə etibarilə siyasətində öz dizaynının tələsinə düşür - TƏHLİL

Uzun müddətdir Fransanın sözün başa düşülən hər mənasında bütün səviyyələrdə anti-Azərbaycan siyasətini müzakirə və tənqid edir, dövlət və cəmiyyət olaraq bütün cəhdlərini birmənalı şəkildə rədd edirik. İndiki məqamda bir suala cavab tapmalıyıq - 30 ilə yaxın bir müddətdə Fransa heç nə etmədisə, bundan sonra nə edəcək? Yaxud bizim üçün bundan daha artığını edə bilərmi? Birincisi, işğal dövründə torpaqlarımızın biyabanlığa, səhralığa çevrilməsinə göz yummaqdan artıq nə olsun? Hələ üstəlik, o faktı da əlavə edək ki, kübarlıq, zərafət kimi incə sözlər yaddaşlarda fransız mədəniyyəti ilə assosiasiya olunur. Digər tərəfdən, düşünməliyik ki, söhbət Fransa kimi simasız və riyakar bir dövlətdən gedirsə, ondan hər şeyi gözləmək lazımdır, edər, hələ ondan o tərəfə də keçib lap da simasızlaşar. Sikkənin o biri tərəfinə də baxaq - bir atımlıq barıtı qətnamələr idi, onu da yandırdı. Daha nə qədər uzağa gedə bilər? Bizim qırmızı xəttimizə qədər. O qırmızı xətt də Qafqaza xas, fransıza uzaq olan qardaş-bacı məsəli ilə aydın göstərildi. Daha nə olsun? Olacaq odur ki, rəsmi Parisin qətnamə qəbul etdiyi əlləri, dırnaqları qanasa belə, nəinki Cənubi Qafqazın xəritəsini dəyişən, eləcə də postmüharibə dövründə atdığı qətiyyətli addımlarla böyük gücləri hesablaşmağa vadar edən Azərbaycanla fransızsayağı mümkün olmasa da, fransız dilində olsa belə hər bir halda ortaq dil tapmağa məcburdur. Yox, hələ də “saman çöpündən yapışan” kimi Ermənistandan yapışıb regionda qalmağa çalışırsa, o zaman düşünməlidir ki, çöpün özü çoxdan samanlıqda batıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloq qeyd edib ki, yuxarıda sikkənin hər iki üzündə qaldırılan suala Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi “Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi xəttini əks etdirmir” deməsi ilə cavab verdi. Bu da birbaşa və başqa bir riyakarlıqdır. Bir halda ki, qətnamə layihəsinin həmmüəllifləri Fransa bürokratiyasına görə xarici siyasət və təhlükəsizlik kimi məsələlərdən birbaşa məsul olan məhz Fransa Prezidenti Emmanuel Makronun “Renaissance” partiyasının üzvləri olan deputatlardır. Makron nəticə etibarilə siyasətində öz dizaynının tələsinə düşür. Daldan atılan daş topuğa dəyər. Deməli, mənasız adamlar tərəfindən boş işlər görülür. Azərbaycan dövlətinin belə boş işlərlə məşğul olmağa vaxtının olmadığı kimi, cəmiyyətimiz də onların boş sözlərinə çoxdan doyub, əhəmiyyət belə vermir. Bu gün qarşımızda duran ali məqsədimiz Fransanın boş-boş danışmadığı vaxtlarda belə viran qoyulan torpaqlarımızın qısa zaman kəsiyində abadlaşdırılmasıdır.

“Əgər Cənubi Qafqazda sülh yaratmaq deyil, sülhə mane olmaq üstündə rəqabət gedirsə, bu qanunsuzluğu qanuniləşdirən Fransa, ona mane olan birinci aktor isə müstəqil Azərbaycandır. Elə Fransanı da narahat edən bu deyilmi? Dövlətimizin itaətkar müttəfiq olmaqdan, diktə siyasətini icra etməkdən birbaşa imtinası. Fransa qlobal siyasəti mənfi məcrada istiqamətləndirməyi hədəfləyir ki, neo-imperializmin yeni dalğasının icraçısı, hətta bayraqdarı qismində çıxış etsin. Getdi o günlər, mösyölər!”, - deyən Şəbnəm Həsənova bildirib ki, tarixdə Fransanın müstəmləkəçilik siyasəti fransız dilinin yerli əhaliyə yayılmasını tələb edib, fransız dili vaxtilə "müstəmləkəçilik üçün alət" kimi istifadə olunub, Azərbaycana minnətdar olunmalıdır ki, bu gün Cənubi Qafqaz fransızsayağı diplomatiyadan uzaq tutulur. O diplomatiya ki, neytrallıqdan uzaqdır, təəssübkeşlik və tərəfkeşlik üzərində qurulub. Fransa siyasi tərəfkeşliyi kodlaşdırdıqca, paradoksal olaraq neytrallığı da getdikcə daha çox uzaqlaşdırır, düşmənləşdirir.

Politoloq vurğulayıb ki, Fransa əsassız erməni iddialarına verdiyi səxavətli dəstəyin müqabilində siyasəti maliyyələşdirməyi instituonallaşdırır. Vaxtilə Makron müəyyən hadisələri “islamçı separatizm”in üzərinə atmağa qərar verərkən, “dünyəvilik birləşmiş Fransanın sementidir” deyərkən elə həmin çıxışında bu “moizələri” dərhal udmuşdu. Məhz buna görə də biz öz işimizin üstünə özümüz vaxtında düşdük. Fransanın “sekulyarizm” kimi tanınan dünyəvilik brendi, xarici siyasətini müəyyən edən bu assimilyasiya həm də beynəlxalq aləmdə ona etimadı azaldır. Rəng korluğu siyasəti institusional ayrı-seçkiliyin məkrliliyinə məhəl belə qoymur. Əslində isə tarix boyu Fransa təəssübkeş identifikatorları qlobal birliyə və beynəlxalq hüquqa bəla kimi yamayaraq heç vaxt qlobal nüfuz qazanmayıb.

Problemi etiraf etməkdən imtina onu aradan qaldırmır. Tarix boyu Fransanın qanlı-qadalı siyasətindən danışmağa başlasaq, bu hərəkətləri göstərmək üçün terror hücumları ilə bağlı təkmilləşdirilmiş rekordunu təzələməyin mümkünsüzlüyünü vurğulamalı olacağıq.

Qeyd olunub ki, Makronun öz milli profillərini artırmaq istəyən bir çox siyasi fiqurlar və aktorlar üçün islamofobiyanı qızışdırmaq və dünyəviliyə az qala millətçi baxış nümayiş etdirmək stimulları aydındır. Zorakılıq, hüquqsuzluq dalğası Fransanın imicinə kritik təhlükə yaradır, beynəlxalq hüququn prinsiplərinin əsl məna və mahiyyətini sarsıdır.

Bütün bunlar onu göstərir ki, “ümumbəşəri dəyərlər” həqiqətdə ümumbəşəri olduğunu hələ iddia belə edə bilməz: bunlar, sadəcə olaraq, liderlərin və mədəni elitaların potensial olaraq bir-birindən fərqli olan xalqlara öz “ədalətli” tətbiqləridir.

“Kiçik bacı” siyasi və diplomatik yollarla “böyük bacı”sını regiona gətirə bilməyəndə, “böyük bacı” özü hər cür simasızlıqla regiona soxulmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev kiçikli və böyüklü hər ikisinə öz sözünü deyib. Bu qədər sözdən sonra başa düşənə qədər cüt “bacı”lar simalarını necə saxlamaq barədə hələ çox düşünməli olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.