Deputat: Bizim haqq işimizə nə Fransa, nə də digər ölkələr maneə ola bilməz
Fransa Milli Assambleyasının belə bir qətnamə qəbul edəcəyi gözlənilən idi. Bu son üç ildə Azərbaycana qarşı böhtan və təxribat dolu dördüncü qətnamədir. Sənədin məzmunu bütün hüquq və norma prinsiplərinə ziddir, birtərəfli qaydada, ikili standartlar formatında hazırlanıb. Sənəddə Azərbaycanın 30 ilə yaxın Ermənistan işğalına məruz qalması, şəhər və kəndlərimizin talan edilməsi, xarabaya çevrilməsi, ekoloji və humanitar fəlakətin törədilməsi haqqında fikir yoxdur. Həmçinin Birinci Qarabağ müharibəsi zamanı xüsusi qəddarlıqla qətlə yetirilən, kütləvi məzarlıqlarda basdırılan, hələ də taleyi naməlum qalan 4 minə yaxın azərbaycanlı, o cümlədən qadın və uşaqlar barəsində məlumat öz əksini tapmayıb. Ermənistanın müharibə zonasından kənarda yerləşən kənd və şəhərlərimizin qadağan olunmuş raketlərlə vurması, müharibə cinayətləri törətməsi, hətta müharibədən sonra da minaların basdırılması haqqında heç bir fikir yer almayıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.
Deputat qeyd edib ki, bütün bu tipli qətnamələr Fransa Milli Assambleyasının, Fransa Senatının, Fransa Hökumətinin, Fransa prezidentinin Azərbaycan dövlətinə, xalqına qarşı, bütövlükdə sülhə, təhlükəsizliyə, ədalətə böhtandır. Bu həm də Cənubi Qafqazda sülh prosesinə ciddi əngəldir.
“Uzun illər müstəmləkəçilik siyasəti həyata keçirən və milyonlarla insanı işgəncə ilə qətlə yetirən bir ölkədən, islamofob və türkofob, azərbaycanofob siyasət yürüdən bir dövlətdən ancaq belə bir ədalətsiz qərarın qəbul edilməsi gözləniləndir. Noyabrın 25-də ADA-da keçirilmiş konfransda dövlətimizin başçısı Fransa prezidenti Makronun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesinə qərəzli münasibətilə bağlı fikirlərini bildirib. Fransa Cənubi Qafqazda sülh və təhlükəsizlik prosesini qərəzli və böhtan xarakterli mövqeyi ilə ləngidir.
Fransa Milli Assambleyası Azərbaycana qarşı qərəzli, ədalətsiz, həqiqəti əks etdirməyən qətnamə ilə beynəlxalq hüququ kobud şəkildə pozub. Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı dərs keçməyə cəhd edən bir ölkə Senatı, Milli Assambleyasının bütün hüquqi və mənəvi qaydaları pozaraq belə bir qətnamə qəbul etməsi böyük ədalətsizlikdir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olub.
Fransa Senatının və Milli Assambleyasının bu kimi destruktiv və təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.
Azərbaycan Respublikası müstəqil dövlət olaraq, bütün ölkələrlə münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirir. Hər kəs anlamalıdır ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycanın ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin edib. Azərbaycanın işi haqq işidir. Bu haqq işimizdə nə Fransa, nə də digər ölkələr bizə maneə ola bilməz!”, - deyə H.Hüseynova qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır