Dəmir yumruq » Siyasət » ABŞ-nin Azərbaycanda dini vəziyyətlə bağlı iddialarını rədd etdilər - Bəyanat
Siyasət / Bugün, 18:39

ABŞ-nin Azərbaycanda dini vəziyyətlə bağlı iddialarını rədd etdilər - Bəyanat

 

Azərbaycanın dini konfessiya rəhbərləri ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair əsassız iddiaları qəti şəkildə rədd edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
 
Bildirilib ki, hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir: “Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə, ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır.
 
BDAK-ın bu yanaşması, Prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin gücləndirilməsi və ötən ilin 8 avqustunda Vaşinqtonda onun tarixi rolu ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi fonunda xüsusilə məyusedicidir. 
 
Azərbaycan özünün əsrlərə dayanan müxtəliflik və multikulturalizm ənənəsi ilə fərqli mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın təşviqinə hər zaman sadiqdir.
 
Azərbaycan, dərin köklü dini tolerantlıq mədəniyyətinin təzahürü kimi, habelə dindaxili və dinlərarası harmoniyaya sadiqliyin nümunəvi məkanı olaraq, məscidlərin, kilsələrin və sinaqoqların yan-yana fəaliyyət göstərdiyi ölkələrdən biridir.
 
Dini məkanların və ibadət yerlərinin inşası, mühafizəsi və bərpasına xüsusi diqqət yetirilir. Təəssüf ki, Azərbaycan hökumətinin bu səyləri hesabatda əks olunmayıb. 
 
Bu baxımdan, BDAK-ın hesabatında Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində bütün tarixi və mədəni abidələrin fərq qoyulmadan təmir və bərpa səylərinin yanlış təqdim edilməsi xüsusilə təəssüf doğurur. Sözügedən bərpa layihələri bütün mədəni və dini irsin xüsusiyyətlərinin mühafizəsinə diqqət yetirilməklə təcrübəli mütəxəssis və memarların iştirakı ilə həyata keçirilir.
 
Azərbaycan 2008-ci ildə Bakı Prosesi çərçivəsində yaradılmış, dayanıqlı sülh və inkişafın əsasları kimi dialoq və sosial inklüzivliyi təşviq edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı və ev sahibidir.
 
Yuxarıda göstərilən bütün misallar diqqətə alındıqda, BDAK-ın mövcud faktlara və reallıqlara əsaslanaraq ölkəmizdəki vəziyyəti obyektiv şəkildə əks etdirməklə Azərbaycana yanaşmasını yenidən nəzərdən keçirəcəyini, ölkəmizin tolerantlığa verdiyi töhfələrini, dinlər və etiqadlararası dialoqun mühafizəsi istiqamətində səylərini təqdir edəcəyini gözləyirik.
 
Ümid edirik ki, tamamilə əsassız və sübutsuz formada “Xüsusi İzləmə Siyahısı”na daxil edilməklə Azərbaycana münasibətdə sərgilənən ədalətsizliyin aradan qaldırılması üçün zəruri tədbirlər görüləcək”.
 
Şeyxülislam Allahşükür Paşazadə
 
Qafqaz Müsəlmanları İdarəsinin və
 
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının sədri
 
Şura üzvləri:
 
Milix Yevdayev
 
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
 
Aleksiy
 
Rus Pravoslav Kilsəsinin
 
Bakı və Azərbaycan Yeparxiyasının Yepiskopu
 
Yepiskop Vladimir Fekete
 
Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti
 
Aleksandr Şarovski
 
Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri
 
Robert Mobili
 
Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri
 
Zamir İsayev
 
Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.