Dəmir yumruq » Siyasət » Naxçıvana dron hücumu dövlət suverenliyinə təhdiddir
Siyasət / Bugün, 07:59

Naxçıvana dron hücumu dövlət suverenliyinə təhdiddir

 

Dünən – martın 5-də İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilmiş dron hücumu Azərbaycanın dövlət suverenliyinə və milli təhlükəsizliyinə qarşı açıq təxribat kimi qiymətləndirilir. Təhlükəsizlik Şurasının bununla bağlı keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hadisəni qətiyyətlə pisləyərək onu Azərbaycan dövlətinə qarşı “terror aktı” adlandırmış və məsuliyyətin tam şəkildə İran İslam Respublikası üzərinə düşdüyünü bəyan etmişdir.

Artıq fakt olaraq qeydə alınmışdır ki, İran ərazisindən buraxılmış pilotsuz uçuş aparatları Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına və yaşayış məntəqəsindəki məktəbin yaxınlığına zərbə endirmiş, nəticədə mülki şəxslər yaralanmış və infrastruktura əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Bu fakt dövlətlərin suverenliyi və ərazi bütövlüyü, mülki obyektlərin qorunması və güc tətbiqinin qadağan olunması prinsipləri kimi bir neçə mühüm beynəlxalq hüquq normasının pozulmasını göstərir.

Diqqətçəkən məqamlardan biri odur ki, mülki infrastruktura qarşı dron hücumu hərbi zərurətlə izah oluna bilməz və beynəlxalq hüququn fundamental tələblərinə ziddir. Belə addımlar regionda dayanıqlı sülh və əməkdaşlıq mühitinin formalaşdığı həssas bir məqamda təhlükəsizlik mühitini ciddi şəkildə sarsıdır və gərginliyin artmasına xidmət edir.

Azərbaycanın mehriban qonşuluq siyasəti və siyasi məsuliyyət üzərindən nümayiş etdirdiyi prinsipial mövqeyi qarşılığında İran tərəfindən göstərilən bu davranış daha müdhiş görünür. Ölkəmiz uzun illərdir regionda sabitlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürüdür. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç vaxt qonşu dövlətlərə qarşı istifadə olunmayıb və olunmayacaq. Prezident İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında xüsusi vurğulayıb ki, Azərbaycan heç vaxt İran əleyhinə hər hansı əməliyyatda iştirak etməyib və belə niyyəti də yoxdur.

Hətta son dövrdə İran rəhbərliyində baş vermiş faciəvi hadisələr zamanı Azərbaycan rəhbərliyi humanitar və mənəvi dəstəyini nümayiş etdirmiş, ölkəmizin rəhbəri İranın ali liderinin ölümü ilə bağlı dərhal başsağlığı verərək diplomatik nümunə göstərmişdir. Bu kontekstdə Naxçıvanda mülki obyektlərin hədəfə alınması təkcə siyasi təxribat deyil, həm də qonşuluq münasibətlərinə qarşı açıq hörmətsizlik və riyakarlıq nümunəsi kimi qiymətləndirilir.

Mülki vətəndaşların istifadə etdiyi hava limanına dron zərbəsi endirilməsi faktiki olaraq terror xarakterli hərəkətdir və hadisə yalnız hərbi insident deyil, həm də birbaşa dövlət təhlükəsizliyinə qarşı yönəlmiş ciddi təhlükədir. Belə ki, əvvəla, hədəf mülki infrastrukturdur, ikincisi, hücum siyasi məqsədlə qorxu və destabilizasiya yaratmağa yönəlib və nəhayət, nəticədə mülki şəxslərin həyatı təhlükə altına düşüb.

Sayı on milyonlarla ölçülən azərbaycanlının yaşadığı İranda uzun illərdir onların dil hüquqları məhdudlaşdırılır, milli-mədəni fəaliyyətlərinə maneələr yaradılır, fəallar təqib edilir və həbs olunur. Belə bir siyasət fonunda Naxçıvana qarşı dron hücumu həm də regiondakı azərbaycanlılara qarşı sistemli təzyiq siyasətinin daha bir təzahürü kimi qiymətləndirilir.

Beynəlxalq hüquqa görə, hər bir dövlət öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün adekvat cavab tədbirləri görmək hüququna malikdir. Prezident İlham Əliyev də bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinə müvafiq hazırlıq göstərişləri verib və bu təxribat cavabsız qalmayacaq. Dövlətimizin başçısı Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edərək, dövlət suverenliyinin qəti şəkildə qorunacağını, mülki vətəndaşların təhlükəsizliyinin təmin olunacağını, regionda sabitliyi pozan hərəkətlərə anındaca adekvat cavab veriləcəyini bəyan etmiş, baş vermis hadisəyə görə İran rəhbərliyinin üzr istəməli olduğunu bildirmişdir.

Qeyd edək ki, terror hadisəsi geniş beynəlxalq rezonans doğurmuşdur. Artıq dost və qardaş dövlətlər, bir sıra digər Avropa və region ölkələri, Rusiya və hətta Ermənistan da daxil olmaqla bütün qonşularımız, ərəb dövlətləri, bu terror aktını şiddətlə qınayan münasibətlərini diplomatik vasitələrlə bəyan etmişlər.

Bütün bunları nəzərə alaraq, ümid edirəm ki, son illər nail olduğumuz möhtəşəm uğur tarixi, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər, ölkəmizin beynəlxalq aləmdə artan siyasi və iqtisadi qüdrəti Azərbaycana qarşı təxribat törədən qüvvələrə görk olacaq.

Onu da xatırlatmaq yerinə düşər ki, Naxçıvana dron hücumuna cavab olaraq Azərbaycan tərəfindən təcili şəkildə siyasi, diplomatik, hüquqi və hərbi müstəvidə kompleks tədbirlər həyata keçirilmişdir. Xarici İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi bəyanat yayaraq hücumu qəti şəkildə pisləmiş və İran tərəfinə rəsmi etiraz notası təqdim etmişdir. Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilmış, hava hücumundan müdafiə sistemləri gücləndirilmiş, ölkənin təhlükəsizlik infrastrukturu üzrə əlavə tədbirlər planı hazırlanmışdır.

Hadisə ilə əlaqədar Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən hücumun təşkilatçılarının və icraçılarının müəyyənləşdirilməsi, beynəlxalq hüquq normalarının pozulmasının hüquqi qiymətləndirilməsi və gələcəkdə beynəlxalq məhkəmələrə müraciət üçün hüquqi bazanın yaradılması məqsədilə terror və müharibə cinayəti əlamətləri üzrə cinayət işi açılmışdır.

Bu addımlar bir tərəfdən dövlət suverenliyinin müdafiəsinə yönəlmişdirsə, digər tərəfdən beynəlxalq hüququn pozulmasına qarşı hüquqi və diplomatik mexanizmlərin işə salınmasını nəzərdə tutur.

Əli Hüseynli

Milli Məclisin deputatı


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.