Xamenei öldürülüb, yerinə keçən oğlu Müctəba da öldürə bilərlər, amma bu sonsuza qədər davam edə bilməz; bir ölkəyə bayrağa bükülmüş tabutlar gəlirsə, demək müharibə amerikalıların da qapısına çatıb...
İranla müharibə Yaxın Şərqi deyil, planeti silkələməkdə davam edir. Amerika coğrafi olaraq bu savaşdan uzaqdır, raket səsləri eşidilmir, amma bir ölkəyə bayrağa bükülmüş tabutlar gəlirsə, demək müharibə amerikalıların da qapısına çatıb...Biz yazanda kəsəri olmur, ya da qərəzli görünür, amma tanınmış amerikalı jurnalist Taker Karlson deyib ki, bu, ABŞ-nin deyil, İsrailin müharibəsidir və Amerikanın milli təhlükəsizlik məqsədləri üçün aparılmır. Rəy sorğularına görə də amerikalıların 75 faizi bu fikirdədir ki, Trampın başladığı savaş ABŞ-nin mənafeyinə uyğun deyil. Aralıq seçkilər ərəfəsi bu rəylər Trampın vecinədir. Rusiya Ukrayna savaşını başladanda “Kiyev rejimini dəyişəcəyik” deyirdi, ABŞ-İsrail dueti də savaşın məqsədini çox iddialı qoyub- İranda rejim dəyişikliyi. Xamenei öldürülüb, yerinə keçən oğlu Müctəba da öldürə bilərlər, amma bu sonsuza qədər davam edə bilməz. Tramp əvvəl deyirdi ki, İran hakimiyyəti üçün namizədim var. Bu qoca elə zənn edirdi ki, İranda qondarma bir rejim qurub, onlara hökm etməyi məsələn, hətta yeznəsi Kuşnerə də tapşıra bilər. Necə ki, özü Qəzza üçün Sülh Şurası yaradıb, amma HƏMAS-ın İranla müharibəyə qoşulması, silahı yerə qoymayacağı bəyanatı bu qurumun perspektivini ciddi şəkildə sual altına qoyub.

Tramp son olaraq onu da deyib ki, İran özü içəridən namizəd tapsa yaxşıdır. İran namizədini tapdı, həm də Xameneinin bioloji və ideoloji varisini. Düzmü etdilər, yoxsa yenə yanlış adam seçdilər, buna İran əhalisi qərar verə bilər. Ötən 12 günlük müharibədə də qeyd etmişdim ki, bizmi bu rejimə münasibətimizdən asılı olmayaraq, İran dayanışı ilə təəccübləndirir. Ötən savaşda bütün hərbi və strateji qərar verən mərkəzlərinin başındakı generallarının öldürülməsinə baxmayaraq, rejim təslim olmadı. Bu dəfə yenə generallarını və ən son qərarı verən dini liderini də öldürdülər, amma yenə müqavimət göstərirlər. Mən yarızarafat, yarıgerçək hətta deyirəm ki, bu müharibələrdə İran dövlətinin xarabalığının altından bir dövlət də çıxdı. “Dərin dövlətdir”, hərbi dövlətdir, adı nədirsə, var.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın müqavimətinə qiymətləndirməsi də çox düşündürücüdür. “İran belə demək istəyir: əgər mən məhv olsam, regionu da özümlə aparacağam”, – deyə Fidan vurğulayıb.
Fidan əlavə edib ki, “ABŞ və İsrailin ən böyük yanlışı İranın dövlət aparatını qiymətləndirməmələri oldu. İran köklü və qədim dövlətçilik ənənələrinə malikdir”. Bu açıqlamaya həm də keçmiş(keçmişmi?-N.S) kəşfiyyat rəhbərinin vəziyyətə qiymətləndirməsi kimi baxmaq lazımdır...Yeri gəlmişkən, Türkiyə bu savaşın çıxmaması üçün çox çalışdı, amma İsrail öz istədiyini etdi.

Amerika hökumətini indi həm də “iqtisadi zəlzələ” çox narahat edir. Bir gün əvvəl aparıcı şirkətlərin indekslərində kəskin enişlər yaşandı, bunun səbəbi investorların İran münaqişəsinin uzun sürə biləcəyindən qorxmasıdır.
Vəziyyət o qədər qəlizləşib ki, İran danışıqlarında Ağ Evin əsas siması Stiv Uitkof müharibədən əvvəlki bəyanatlarının əksinə olaraq, İran rəsmilərinin danışıqlarda özlərini “danqabaş” kimi apardıqlarını iddia edib. Deyib ki, İran nümayəndələri 11 nüvə bombası hazırlamaq üçün 60%-ə qədər zənginləşdirilmiş 460 kq uran ehtiyatına malik olduqları ilə lovğalanıblar, bu da ABŞ-a təhdid yaratdığı üçün hərbi əməliyyatlar variantına əl atıb. Amma Uitkov “unudub” ki, ABŞ Müdafiə Nazirliyinin ötən il dərc etdiyi hesabatda bildirilirdi ki, İran uzaq ölkələri təhdid edə biləcək qitələrarası ballistik raket hazırlamaq üçün təxminən on il vaxt lazımdır. Yəni ortada böyük bir yalan var: kəşfiyyat məlumatlarına baxmayaraq, prezident və komandası iddia edir ki, İran tezliklə Amerika ərazisinə çata biləcək raketlər hazırlayırdı. Eyni ssenari İraqla bağlı da olub. “Səddam rejimi kimyəvi silah hazırlayır” deyib ölkənin sərvətinə çokdülər, sonra da dedilər ki, kəşfiyyatın bu xəbəri yalanmış...
Bu qədər yalanların içində isə müharibənin nə qədər çəkə biləcəyi haqda proqnoz vermək çətindir. Tramp hərbi əməliyyatın "lazım olduğu qədər" davam edəcəyini bildirib. O, quru qoşunlarının göndərilməsi ehtimalını da istisna etməyib. Ekspertlər güman edir ki, söhbət ABŞ-nin İranın qərb sərhədində sayı 10 mindən 50 minə qədər olan proksi-qüvvələrə və onlara dəstək verəcək məhdud saylı amerikalılardan gedir. Amma proksi-qüvvələr düşünüldüyü kimi uğur qazanmaya da bilər, çünki İranın quru qüvvələrinin döyüş qabiliyyətini demək olar ki, 100% qoruyub saxladığı deyilir. Bu məsələdə də Ağ Evdə ziddiyyətli rəylər olduğu görünür. Məsələn, vitse-prezident Vens deyib ki, ABŞ-nin "aydın sonu və aydın məqsəd olmadan" Əfqanıstan(20 il) və İraq(10 il) kimi yeni çoxillik münaqişəyə qarışmaq niyyəti yoxdur. Vensin sözlərinə görə, Trampın yeganə məqsədi İranın "heç vaxt nüvə silahı əldə edə bilməyəcəyinə" əmin olmaqdır.

İranın Müctəba seçimi xəbəri doğrudursa, bu artıq rejimin davam etməsi mesajıdır. İran mediası hələ Əli Xameneinin sağlığında yazırdı ki, Müctəba İslam inqilabının davamlılığını qoruyub saxlaya və onu müasir çağırışlara uyğunlaşdıra bilən fiqurdur. Tramp onu qəbul edəcəkmi? Kim bilir, vaxtilə Suriyanın silahlı dəstələrinə başçılıq edən Əhməd Əş Şaarada Ağ Evin düşməni idi, sonra onu həmin sarayda hörmətli qonaq kimi qarşıladılar...
Azərbaycana bu savaşın tezliklə bitməsi lazımdır. İran rejiminin Qarabağın daşlarını söküb aparan ermənilərlə şərik olduqları, parlamentləri Xocalını soyqırım kimi tanımayıb və s. Giley və töhmət üçün deyəcəyimiz çox mətləblər var. Amma qonşuda bu cür savaşın, İranın parçalanmasının bizə heç vaxt faydası ola bilməz.