İrəvanda məskunlaşmış separatçı ünsürlərdən biri – Tiqran Petrosyan növbəti dəfə reallıqla heç bir əlaqəsi olmayan, tamamilə uydurma iddialarla çıxış edib. O, guya son dörd ay ərzində Qarabağda qalan ermənilərin “əsir vəziyyətində” saxlanıldığını, onların “Dghiak” adlı kompleksdə məhdudiyyət altında tutulduğunu iddia edir. Bu barədə Tribuna.az məlumat yayıb.
Petrosyanın iddiaları bununla da bitmir. O, açıq-aşkar fantaziyaya söykənən açıqlamasında guya həmin şəxslərin hərəkət azadlığının məhdudlaşdırıldığını, “deportasiya” zamanı isə hara aparıldıqları barədə onlara heç bir məlumat verilmədiyini bildirib. Daha sonra isə onları Həkəri körpüsünə gətirərək sənəd imzalamağa məcbur etdiklərini və guya erməni tərəfinə “təhvil verdiklərini” uydurub.

Əvvəla, bu iddialar tamamilə absurddur. Petrosyanın “deportasiya” anlayışının nə olduğunu belə bilmədiyi aydın görünür. Deportasiya – məcburi köçürmədir. Halbuki Qarabağdan köçən ermənilər öz iradələri ilə, açıq və beynəlxalq müşahidə altında bölgəni tərk ediblər. Heç bir erməniyə qarşı hərəkət azadlığının məhdudlaşdırılması, zor tətbiqi və ya məcburi saxlanma faktı olmayıb.
Əksinə, faktlar Petrosyanın yalanlarını təkzib edir. Belə ki, Qarabağda qalan ermənilərdən biri ötən il basdırdığı silahı çıxararaq Xankəndidə terror aktı törətməyə cəhd edib. Bu faktın özü göstərir ki, nə “əsirlik”, nə də hərəkət məhdudiyyəti olub. Bundan əlavə, az əvvəl 10 erməni və 1 Rusiya vətəndaşı heç bir maneə olmadan Ermənistana təhvil verilib. Əgər iddia edildiyi kimi saxlanma və zorakılıq olsaydı, bu proses necə baş verə bilərdi?
Qarabağ məsələsinin artıq tarixin arxivinə verildiyi, antiterror əməliyyatından təxminən üç il keçdiyi, bölgədə Azərbaycan suverenliyinin tam təmin olunduğu bir vaxtda bu cür iddiaların səsləndirilməsi təsadüfi deyil. Görünür, radikal separatçı dairələr reallıqla barışmaq istəmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün köhnə yalanları yeni qablaşdırmada təqdim etməyə çalışırlar.
Sual yaranır: Qarabağda heç bir erməni qalmadığı, köçün könüllü olduğu, bölgədə sabitliyin təmin edildiyi şəraitdə bu radikal ünsürlər niyə hələ də sakitləşmir? Niyə hər dəfə Azərbaycanı hədəfə alan böhtan kampaniyaları başladılır?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloqun fikrincə, həmin qüvvələrin qətiyyən sakitləşməməsinin səbəbi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması, bölgədə əmin-amanlığın, sabitliyin və əməkdaşlığın yaranması onların maraqlarına cavab vermir: "Bu qüvvələr illər boyu Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik toxumu səpiblər, işğalçılıq siyasəti yürüdüblər, soyqırımları və kütləvi qırğınları həyata keçiriblər. Bu gün isə həmin siyasətdən imtina etməyə, səhvlərini etiraf etməyə cəsarətləri çatmır. Onlar necə etiraf etsinlər ki, səhv etmişik, əslində Azərbaycanla düşmən yox, dost və tərəfdaş olmalı idik? Bunu dilə gətirə bilmədikləri üçün hələ də köhnə düşüncə tərzindən əl çəkmir, düşmənçilik toxumu səpməkdə davam edirlər. Bunun bariz nümunəsi ötən gün Ermənistanın keçmiş prezidenti, baş separatçılardan biri, Xocalı soyqırımının əsas təşkilatçı və icraçılarından sayılan Robert Köçəryanın Paşinyan hakimiyyəti əleyhinə verdiyi açıqlamalardır. Köçəryan iddia edir ki, guya “Tramp yolu” işləməyəcək, bunun Ermənistan üçün heç bir faydası yoxdur, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq Ermənistana xeyir gətirməyəcək və sair bu kimi əsassız fikirlər səsləndirir.
Halbuki reallıq tamamilə fərqlidir. Artıq bu əməkdaşlığın konkret faydaları ortadadır. Məsələn, Azərbaycanın Ermənistana satdığı benzin hesabına Ermənistanda yanacaq qiymətləri xeyli aşağı düşüb. Bu isə birbaşa erməni vətəndaşlarının maraqlarına xidmət edir – insanlar daha ucuz və əlçatan benzin almaq imkanı qazanıblar. Yəni faktlar, rəqəmlər və real nəticələr göz önündədir".
Demiryumruq.az