Dəmir yumruq » Siyasət » Erməni etirafı: Zəngəzur məsələsində Bakı qalib gəldi
Siyasət / Dün, 08:30

Erməni etirafı: Zəngəzur məsələsində Bakı qalib gəldi

 

Bakının artıq Ermənistanın Sünik (Zəngəzur) vilayətindən keçən yolun adlandırılması ilə bağlı mübahisələrə girməməsi, faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı istədiklərinə nail olması ilə izah olunur.

Musavat.com xəbər verir ki, bu fikri erməni politoloq Suren Surenyants Azərbaycan prezidenti İlham Əliyevin “Tramp marşrutu” ilə bağlı son bəyanatını şərh edərkən səsləndirib.

Politoloqun sözlərinə görə, yolun “Tramp marşrutu”, “Zəngəzur dəhlizi” və ya başqa adla çağırılmasının artıq prinsipial əhəmiyyəti yoxdur. Əsas məsələ bu marşrutun hansı rejimdə işləyəcəyidir: təhlükəsizlik necə təmin olunacaq, gömrük və pasport nəzarəti kim tərəfindən həyata keçiriləcək, bu mexanizm Ermənistanın suverenliyini və yurisdiksiyasını məhdudlaşdıracaqmı, yoxsa yox.

Surenyants bu baxımdan istisna etmir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində öz tələblərinə nail olub. Onun fikrincə, İlham Əliyevin açıqlamaları Sünikdən (Zəngəzurdan) keçən yolun Bakının irəli sürdüyü şərtlərə tam uyğun olduğunu göstərir. Politoloq hesab edir ki, Trampın adının çəkilməsi də beynəlxalq ictimaiyyətin gözündə mövqeni gücləndirmək və Ermənistanın manevr imkanlarını minimuma endirmək məqsədi daşıyır.

Ekspert vurğulayır ki, Azərbaycan açıq şəkildə güc amilinə istinad edir və beynəlxalq hüququn faktiki olaraq işləmədiyi mesajını verir. Bu yanaşma, onun sözlərinə görə, xüsusilə qlobal proseslər fonunda daha aydın görünür.

Surenyants Ermənistanın baş naziri Nikol Paşinyanın isə cəmiyyətə təhlükəsizliyin beynəlxalq hüquq prinsipləri üzərində qurulduğu illüziyasını təqdim etdiyini bildirir. Tavuşun Kirants kəndində delimitasiyadan sonra yaranmış vəziyyətin “sülh və sabitlik” kimi göstərilməsi də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir.

Onun qənaətincə, Paşinyanın mövcud kursu faktiki olaraq Bakının Zəngəzur dəhlizi ilə bağlı “yumşaq güc” strategiyasını legitimləşdirir və Ermənistan atəş açılmadan, diplomatik təzyiq yolu ilə davamlı güzəştlərə məcbur edilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.