“Ermənistan müxalifəti 2026-cı ilin may ayına planlaşdırılan İrəvan sammitinin iki ay təxirə salınması xahişi ilə Avropa Siyasi Birliyinə müraciət etməlidir”.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin keçmiş xarici işlər naziri (1998-2008, Köçəryan dönəmi), Hələb ermənisi, revanşist Vardan Oskanyan bildirib.
O, radikal müxalifəti bütün fikir ayrılıqlarını və ideoloji ziddiyyətləri kənara qoymağa və avropalılara birgə məktubla müraciət etməyə çağırıb. Onun fikrincə, parlament seçkilərinə (iyun, 2026) cəmi bir neçə həftə qalmış sammitin keçirilməsi istər-istəməz baş nazir Nikol Paşinyanın müxaliflərə qarşı repressiyalarının və azad medianın boğulmasının legitimləşdirilməsi, hakimiyyətə dəstək kimi qiymətləndiriləcək.
Sabiq nazir həmçinin sosial şəbəkədə yazıb ki, təşəbbüsçülərin niyyətindən asılı olmayaraq, İrəvanda baş tutacaq 8-ci sammit Ermənistanın daxili işlərinə müdaxilə kimi qəbul olunacaq. Onun iddiasına görə, tədbirin təxirə salınması isə Ermənistanın suverenliyinə hörmətin göstəricisi olar.
Yada salaq ki, Nikol Paşinayan İrəvan sammitinə Azərbaycan və Türkiyə liderlərini də dəvət edib.
Oskanyan niyə belə təlaşlıdır? Revansistlərin qarnının ağrısı nə? Doğrudanmı Avropa Siyasi Birliyinin İrəvan sammiti seçkilər öncəsi Paşinyan iqtidarına əlavə siyasi xallar qazandıra bilər?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a açıqlamasında Oskanyanı kinli və səfeh siyasətçi adlandırıb. Hüquq müdafiəçisi sabiq erməni nazirin ölkəsindən kənarda boşboğazlıq etməklə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, ASB-nin sammitinin Ermənistanda keçirilməsi əvvəlcədən razılaşdırılıb, Azərbaycan da orada təşkilini qəbul edib, yəni seçkilərə hesablanmış piar tədbiri deyil: "Amma ötən ilin yekunlarına dair mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Prezidentinin sammitdə iştirakının nəzərdə tutulmadığını dedi. Ona görə də böyük ehtimalla dövlət başçısı İrəvana getməyəcək. Ərdoğanın isə iştirakı haqda proqnoz vermək çətindir, burada vəziyyət fərqlidir. Türkiyənin Ermənistanla problemləri müqayisə oluna bilməz. Ərdoğanın sammitə getməsi də mümkündür, lakin rəsmi Ankara da fikir bildirməyib".

Ç.Qənizadə hesab edir ki, yekun sülh müqaviləsindən sonrakı illərdə ASB sammiti yenə Ermənistanda olarsa, yaxud başqa beynəlxalq konfrans keçirilərsə, Azərbaycan rəhbərliyinin iştirakı bəlkə də reallaşa bilər. O ki qaldı Oskanyanın müxalifətə çağırışına, müsahibimiz deyib ki, bu siyasi qüvvələr Rusiyaya bağlıdır: “Onların kim olduğunu Avropa yaxşı bilir. Putin yenə də keçmiş prezidentlərə bayram təbriki göndərməklə onları dəstəklədiyini nümayiş etdirdi. Belə olan halda, ruspərəst müxalifətin çağırışı ilə Avropa Siyasi Birliyi planını dəyişərmi? Nəzərə alsaq ki, bu siyasi klubun təşəbbüskarı Fransadır və Makron Paşinyana açıq dəstək verir. Ona görə Oskanyanın arzuları indidən puç olacaq".
Emil Salamoğlu