Ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilir.
Musavat.com-un Forumda iştirak edən əməkdaşı xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil edilən tədbir Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin konstitusion əsaslarının möhkəmləndirilməsi, dünyəvilik prinsipinin və vicdan azadlığının təmin olunması, multikultural və tolerant dəyərlərin təşviqi, dini sahədə maarifçilik fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, elm təhsil naziri Emin Əmrullayev çıxış edəcəklər.
Forum çərçivəsində “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri təşkil olunacaq.
Panel müzakirələrdə dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlığın genişləndirilməsi, dini radikalizm və zərərli ideoloji təsirlərin qarşısının alınmasında maarifləndirmənin rolu, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.
Forumun sonunda iştirakçıların Prezident İlham Əliyevə müraciəti qəbul olunacaq.
Etibar Seyidağa



