Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə sensasiyalı açıqlama ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, o, həm Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların, həm də Qarabağ ermənilərinin taleyinə dair “birgə yol xəritəsi” hazırlanmasını təklif edib.
Paşinyanın sözlərinə görə, bu addım gələcək münaqişə ehtimalını aradan qaldıra bilər.
Baş nazir bildirib ki, Azərbaycan həm Qərbi Azərbaycan, həm də Qarabağ erməniləri anlayışlarına istinad edir və buna görə də paralel proseslər üzrə birgə mexanizm formalaşdırılmalıdır. Paşinyan açıq şəkildə deyib ki, Qarabağ ermənilərinin geri qayıtması real deyil, eyni zamanda bu məsələnin gündəmdə saxlanılmasının təhlükəli olduğunu vurğulayıb.
Ermənistan rəhbəri hələlik bu ideyanı dəstəkləmədiklərini, əksinə, Qarabağdan gələn ermənilərin Ermənistanda qalması üçün genişmiqyaslı layihələr həyata keçirildiyini bildirib.
Lakin Paşinyanın təklifi Bakı tərəfindən manipulyativ və siyasi hiyləgərlik kimi qiymətləndirilir.
Analitiklər xatırladır ki, Qarabağdan çıxan ermənilər zorla qovulmayıblar – Azərbaycan onlara təhlükəsizlik, vətəndaşlıq və tam hüquqlar təklif edib. Halbuki Qərbi Azərbaycandan qovulan azərbaycanlılar vəhşi etnik təmizləmənin qurbanı olub və onların doğma torpaqlarına qayıtmaq hüququ beynəlxalq humanitar hüququn ayrılmaz hissəsidir.
Paşinyanın bu iki məsələni eyniləşdirməyə cəhd etməsi isə Rəsmi Bakının gözündə qəbuledilməzdir. Ermənistan hakimiyyəti indiyədək azərbaycanlıların Ermənistana qayıtmasına qəti şəkildə qarşı çıxıb. İndi isə Paşinyanın “yol xəritəsi” təklifi əslində həmin hüququ inkar etməyə xidmət edir.
Müşahidəçilərin fikrincə, Paşinyanın bu addımı konstruktivlik görüntüsü yaratmağa hesablanıb, lakin əslində sülh prosesinə uyğun gəlmir və Ermənistanın real niyyətlərini şübhə altına salır.