Dəmir yumruq » Siyasət » Siyasi partiya necə ləğv olunur?
Siyasət / Manşet / Bugün, 07:33

Siyasi partiya necə ləğv olunur?

 

Siyasi partiyanın ləğvi qaydasını diqqətinizə çatdırırıq. “Siyasi partiyalar haqqında” qanunun 9-cu maddəsinə görə, partiya qurumun qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

Ləğv barədə qurultay qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.

Müvafiq orqan (Ədliyyə Nazirliyi) bu hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır: siyasi partiya qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda; qanunun 7.3.2-ci və 8.9-cu maddələrində nəzərdə tutulmuş hallarda; fəaliyyəti dayandırılmış siyasi partiya qanunun 4.13-cü maddəsinin birinci cümləsinin tələblərini pozduqda; dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda.

Siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı Ədliyyə Nazirliyinin iddiası əsasında İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir.

Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində müvafiq məlumat mediada dərc olunur və (və ya) yayımlanır.

Qanunun 4.3-cü maddəsinə əsasən, siyasi partiyaların bu məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir: Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi; terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği; irqi, dini və ya etnik düşmənçiliyin salınması.

Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. 7.3.2-ci maddədə göstərilir ki, Ədliyyə Nazirliyi qanunun bu tələbinin pozulması halı müəyyən etdikdə dövlət qeydiyyatına alınarkən siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırır.

8.9-cu maddəyə əsasən, normativ hüquqi aktların pozulması halını aradan qaldırmaq xəbərdarlığı almış partiya pozuntunun aradan qaldırıldığı barədə məlumatı 30 gün müddətində təqdim etmədikdə, həmçinin təqdim edilmiş məlumatda xəbərdarlıqda göstərilmiş pozuntuların tam aradan qaldırılmadığı müəyyən edildikdə partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılır.

4.13-cü maddənin birinci cümləsinə görə, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır.

Siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) qurultayda qəbul olunur.

Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində siyasi partiya qəbul olunmuş qərarı Ədliyyə Nazirliyinə təqdim edir və siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

Siyasi partiyanın fəaliyyəti Ədliyyə Nazirliyinin iddiası əsasında apellyasiya məhkəməsinin qərarı ilə 2 aydan 6 ayadək müddətinə dayandırıla bilər.

Medianews.az bildirir ki, Azərbaycanda 26 siyasi partiya dövlət qeydiyyatına alınıb:

Ağ Partiya

Ana Vətən Partiyası

Azad Vətən Partiyası

Azərbaycan Demokrat Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Azərbaycan Xalq Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Ümid Partiyası

Böyük Azərbaycan Partiyası

Böyük Quruluş Partiyası

Demokratik İslahatlar Partiyası

Ədalət Partiyası

Ədalət, Hüquq, Demokratiya Partiyası

Gələcək Azərbaycan Partiyası

Haqq-Ədalət Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

Milli Cəbhə Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

Müasir Müsavat Partiyası

Müsavat Partiyası

Respublikaçı Alternativ Partiyası

Vəhdət Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Yeni Azərbaycan Partiyası

Yeni Zaman Partiyası.


 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.