Deputat: Hər yandırılan tonqal işğaldan azad edilmiş ərazilərdəki yeni quruculuğun müjdəçisidir
Qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də uğurlu addımlar atır, mühüm layihələr həyata keçirir. Təbii ki, bu layihələrin mərkəzində də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsi dayanır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, müharibədəki qalibiyyətimizdə olduğu kimi, bu işlərin mərkəzində də Prezident-xalq birliyi dayanır: “Məhz bu birlik, məhz xalqımızın Prezidentə verdiyi dəstək sayəsində necə ki, müharibədə qalib gəldik, eləcə də postmüharibə dövründə uğurlu addımlar atırıq. Elə Prezident də Talışda olarkən bir daha xalq dəstəyini gündəlik fəaliyyətində hiss etdiyini vurğuladı”.
Vurğulayıb ki, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə alovlandırıb: “2022-ci ildə Novruz tonqalı Suqovuşanda, bu dəfə isə Talışda qalandı. Bu yerlər heç də təsadüfən seçilməyib. Qeyd edim ki, strateji təyinatlı Suqovuşan və Talış istiqamətindəki Tərtər döyüşləri, o cümlədən hərbi dərsliklərdə öyrənilən Şuşa döyüşləri Vətən müharibəsinin taleyini həll etməklə, tarixi Zəfəri şəkilləndirib”.
“Bu tonqallar həm də quruculuq, tikinti işlərinin bir simvoluna çevrilib. O mənada ki, Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Böyük Qayıdış başlayıb, Zəngilanın Ağalı sakinləri artıq doğma yurd yerlərinə köçüb, indi Talış sakinlərinin qayıdışı başlayıb, yaxın aylarda Laçın sakinləri də bu sevinci yaşayacaq. Beləliklə, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Bu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycandır. Qısası, hər yandırılan tonqal işğaldan azad edilmiş ərazilərdəki yeni quruculuğun, tikinti işlərinin və abadlığın müjdəçisidir”, - deyə deputat sözlərinə əlavə edib.