Xəbər lenti
Dəmir yumruq » Siyasət » İcma: Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib
Siyasət / 19-03-2023, 10:05

İcma: Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin martın 18-də bəyanat verərək bu ölkədən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququna xələl gətirməyə növbəti dəfə cəhd etməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC İcmanın bəyanatını təqdim edir:

“Vurğulamaq istərdik ki, sırf insan haqları məsələsi olan Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib. Bizim təşkilatımız 1989-cu ildə təsis edilib və o dövrdən bəri ardıcıl olaraq, geri qayıtmaq hüququmuzun reallaşması uğrunda mübarizə aparırıq.

Ermənistanda monoetnik vəziyyətin olduğu hamılıqla bilinən faktdır. Yaxın keçmişədək bu ərazidə azlıq təşkil etmiş ermənilər indi orada əhalinin 99 faizdən çoxunu təşkil edirlər. Bu vəziyyət bədnam etnik təmizləmə nəticəsində meydana çıxıb. Ermənistanda qalmış cüzi sayda etnik azlıqlara dekorativ məqsədlə, parlamentdə kvota əsasında müəyyən sayda yer vermək, etnik təmizləmələri və davam edən irqi ayrı-seçkiliyi ört-basdır etmək üçün uğursuz cəhdlərdir.

Bir daha vurğulayırıq ki, biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur. Ermənistan Azərbaycan ilə münasibətlərinin xarakterindən asılı olmayaraq, öz ərazisindən qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır.

Biz Ermənistan hökumətini öz ərazisində azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə, mədəni irsimizin dağıdılmasına son verməyə və bu qanunsuzluğu aradan qaldırmağa çağırırıq.

Biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan və oradan qovduğu azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırırıq.

Nəhayət, bir daha vurğulamaq istərdik ki, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.