Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin martı
müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
X X X
3 mart. Prezident Heydər Əliyev Avropa Komissiyasının Zaqafqaziya və Orta Asiya bölməsinin rəhbəri Kornelins Vitterbrudun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
4 mart. Türkiyənin əmək və sosial müdafiə naziri Nami Çağanla görüşdü.
5 mart. ABŞ Konqresinin Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə nümayəndəsi Maykl Oksu qəbul etdi.
6 mart. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Didye Layı və Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Tevfiq Yaprağı qəbul etdi.
Xarici İşlər Nazirliyinin kollektivi ilə görüşdə nitq söylədi.
7 mart. Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə çıxış etdi.
10 mart. Rusiyanın mədəniyyət naziri Natalya Dementyeva ilə görüşdü.
12 mart. Böyük Britaniyanın sabiq xarici işlər naziri Malkolm Rifkindi qəbul etdi.
13 mart. Fransanın “Le Figaro Magazine” jurnalına müsahibə verdi.
17 mart. İlaxır çərşənbə münasibətilə uşaqlar üçün təşkil olunmuş şənlikdə iştirak etdi.
20 mart. Qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində çıxış etdi.
21 mart. Qoşaqala qapısı önündə keçirilən Novruz bayramı tədbirində çıxış etdi. İçərişəhərdə ədəbiyyat və incəsənət xadimləri ilə görüşdü.
26 mart. Xalq şairi Süleyman Rüstəmin 90 illiyinə həsr olunmuş tədbirdə nitq söylədi.
28 mart. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının bir qrupu ilə görüşdü.
30 mart. BP şirkətinin baş icraçı direktoru Con Braunu və Norveçin “Statoyl” şirkətinin vitse-prezidenti Yohan Nik Voldunu qəbul etdi.
31 mart. Şəhidlər xiyabanını ziyarət etdi.
“20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Fərman imzaladı.
X X X
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diplomat kadrlara böyük ehtiyac yaranmışdı. Elə diplomatlara ki, onlar xaricdə ölkəmizi layiqincə təmsil etsin, milli mənafelərimizi qətiyyətlə qoruya bilsin. Ulu Öndər martın 6-da Xarici İşlər Nazirliyinin kollektivi ilə görüşündə bununla bağlı fikirlərini söylədi, müstəqil ölkəmizdə yüksək səviyyəli diplomatlar korpusunun yaranmasının zəruriliyindən danışdı, müvafiq tövsiyə və tapşırıqlar verdi.
Sitat: “Hesab edirəm ki, bizim gənc, müstəqil Azərbaycanımızda da gərək çox dəyərli, yüksək hörmətə malik olan diplomatlar korpusu yaransın. Şübhəsiz ki, bu da xüsusi daxili meyli olan adamlar olmalıdır... Elə adamlar olmalıdır ki, hər bir diplomatımızla fəxr edək ki, bizim diplomatımız dünyada, necə deyərlər, üzə çıxarıla bilən, - xalq arasında belə bir söz var, - qabağa çıxa bilən bir diplomat olsun. Belə olmalıdır. Məsələn, Əlimərdan Topçubaşov vaxtilə bizim Azərbaycanın ilk Demokratik Respublikasının parlamentinin sədri olubdur və bir diplomat kimi də bizim tariximizdə öz yerini tutubdur. Onun haqqında indi yazılar da, xatirələr də var. Deyirlər ki, nə qədər mədəni, ziyalı, görkəmli bir adam olubdur. Xalqımızın tarixində belə bir adamla fəxr edirik. Biz indi müasir həyatımızda da belə adamlar, diplomatlar yetişdirməliyik. Yenə də deyirəm, bizim görkəmli diplomatlarımız, diplomat korpusumuz olmalıdır”.
Azərbaycan müsəlman Şərqində qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlət olub. Biz yeri gələndə bununla fəxr edirik. Müasir gender siyasətinin əsası isə Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider tarixi ənənələri zənginləşdirir, qadınların cəmiyyətdə daha fəal mövqe tutması üçün davamlı tədbirlər görürdü. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə yüzlərlə qadın fərdi bacarıqlarını nümayiş etdirmək imkanı qazanıb, müxtəlif idarəetmə orqanlarında rəhbər vəzifələrə irəli çəkilib. Qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsilçiliyi təmin edilib. Ulu Öndərin qadınlara verdiyi dəyəri 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdəki çıxışında bir daha aydın görmək olar.
Sitat: “Azərbaycan qadınının tarixi çox böyükdür, zəngindir. Bizim çoxəsrlik zəngin tariximiz, mədəniyyətimiz vardır. Azərbaycanın keçmiş zamanlarda da görkəmli qadınları olmuşdur. Onların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər, həqiqətən dünya miqyasında bizim üçün böyük iftixar mənbəyinə çevrilmişdir. Azərbaycan qadını çadranı atmış, sərbəst yaşamaq imkanı əldə etmiş, bütün sahələrdə bərabər hüquqlar qazanmış və özünün daxili potensialından cəmiyyətə, xalqına xidmət etmək üçün istifadə etmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayırlar, bəzi sahələrdə aparıcı rol oynayırlar, böyük xidmətlər göstərirlər. XX əsri sona çatdırarkən, biz böyük nailiyyətlərimiz haqqında danışarkən bu nailiyyətlərin əldə olunmasının çoxunda qadınların xidmətini xüsusi qeyd etməliyik”.
Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində doğma yurdunu itirmiş soydaşlarımızla tez-tez görüşürdü. Belə görüşlərdən biri də 1998-ci ilin Novruz bayramında oldu. Mərdəkandakı “Abşeron” sanatoriyasında keçirilən bayram şənliyində iştirak edən Ulu Öndər qaçqınlar və məcburi köçkünlər qarşısındakı çıxışında bir daha qətiyyətlə vurğuladı ki, torpaqlarımız düşmən tapdağından azad olunacaq, yurd həsrətinə son qoyulacaq.
Həmin çıxışdan bir parçaya diqqət yetirək: “Bizim hamımızın – elliklə, obalıqla xalqımızın, millətimizin bir müqəddəs arzusu, istəyi, bir müqəddəs məqsədi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi və yerindən-yurdundan didərgin düşmüş, zorla köçürülmüş və bu gün köçkün vəziyyətində yaşayan insanların hamısının öz yerlərinə-yurdlarına qayıtması məqsədidir, sizin hər birinizin öz evinizə, obanıza qayıtması məqsədidir. Bizim ən ümdə arzumuz bu arzudur, ən müqəddəs məqsədimiz bu məqsəddir. Bu gün, bayram günü əmin olduğumu bildirmək istəyirəm ki, biz bu arzumuza mütləq çatacağıq. İşğal edilmiş torpaqlarımızın hamısı azad olunacaq, nəyin bahasına olursa-olsun azad ediləcəkdir. Sizin hər biriniz öz torpaqlarınıza, evinizə, obanıza qayıdacaqsınız və biz sizinlə birlikdə dədə-baba yerlərinizi, torpaqlarınızı yenidən canlandıracağıq, dirçəldəcəyik, yenidən quracağıq. Siz yenidən böyük evlərin, mülklərin, torpaqların sahibi olacaqsınız və xoşbəxt yaşayacaqsınız”.
Ulu Öndərin bu inamı və arzusu artıq günümüzün reallığıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovub çıxardı. Bu gün isə azad Qarabağımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dağıdılmış şəhər və kəndlər yenidən qurulur, bu yerlərə həyat qayıdır.
Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması və zənginləşdirilməsi də Ulu Öndərin adı ilə bağlıdır. Ölkəmizə rəhbərliyinin birinci dövründə Heydər Əliyevin təşəbbüsü ilə Novruz bayramının geniş qeyd olunmasına şərait yaradıldı. Bununla eyni vaxtda milli-tarixi yaddaşın bərpası işlərinə də başlanıldı. Sovet rejiminin yasaq etdiyi milli bayramlar xalqa qaytarıldı.
Müstəqillik illərində isə Ulu Öndər hər Novruz şənliklərinə qatılır, paytaxt sakinləri ilə bayramlaşırdı. Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirirən Heydər Əliyev 1998-ci il martın 21-də Qoşaqala Qapısı önündə keçirilən şənlikdə bir daha bu əziz bayramın xalqımız üçün önəmini vurğuladı.
Sitat: “Novruz bayramı bizim xalqımızın qədim milli bayramıdır. Novruz bayramı hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan torpağının, Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mənəviyyat, mədəniyyət bayramıdır, xalqımızın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz bayramı bizim xalqımızı bir-biri ilə həmişə daha da sıx birləşdirib, insanlarımız arasında dostluq, mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir. Novruz bayramı bu gün müstəqil Azərbaycanın həyatında gedən ictimai-siyasi, sosial-iqtisadi proseslər dövründə xalqımızı həmrəy edən, birləşdirən, yetkin edən bayramdır”.
Hər bir dövlətin mövcudluğunun əsas şərtlərindən biri təhlükəsizliyin etibarlı şəkildə qorunmasıdır. Vaxtilə dövlət təhlükəsizliyi orqanlarında işləmiş Heydər Əliyev, təbii ki, bunu hamıdan yaxşı bilir, aidiyyəti strukturun peşəkar kadrlarla möhkəmləndirilməsi qayğısına qalırdı. Hesab edirdi ki, hüquq-mühafizə orqanlarında işləyənlər peşəkarlıqla yanaşı, hərarətli ürəyə, təmiz əllərə malik olmalıdır. Ulu Öndərin 1998-ci il martın 28-də təhlükəsizlik orqanlarının bir qrup əməkdaşı ilə görüşdə səsləndirdiyi fikirlər bütün dövrlər üçün aktualdır.
Sitat: “Mən arzu edərdim ki, bizim hüquq-mühafizə orqanlarında işləyən adamların həqiqətən yanan hərarətli ürəyi olsun, düşünən başı olsun və təmiz əlləri olsun. Biz ümumiyyətlə, vətəndaşlarımızı və xüsusən hüquq-mühafizə orqanlarında çalışan əməkdaşları bu tələblər əsasında tərbiyə etməliyik. Bir daha deyirəm, mənəvi saflıq, mənəvi paklıq ən əsas tələblərdən biridir. Vətənə, xalqa sədaqət və mənəvi saflıq, bunlar bizim müvəffəqiyyətimizin əsasıdır. Güman edirəm ki, biz hüquq-mühafizə orqanlarında belə bir mühitin, əhval-ruhiyyənin yaranmasına nail ola biləcəyik”.
Heydər Əliyevin müəyyən etdiyi yol Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparır. Onun ölməz ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsası olaraq qalır.