Azərbaycan Prezidentinin Almaniyaya işgüzar səfəri beynəlxalq mətbuatın diqqətində olub
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində Almaniyanın dövlət və hökumət başçıları ilə görüşləri Almaniyanın aparıcı mətbuatının, eləcə də beynəlxalq mətbuatın diqqətində olub.
AZƏRTAC xəbər verir ki, Almaniya federal hökumətinin rəsmi internet portalında dərc edilən “Əhəmiyyəti artan tərəfdaş” başlıqlı məqalədə Almaniyanın enerji təminatının diversifikasiyasında Azərbaycanın dəstək göstərə biləcəyi qeyd edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Berlində görüşən Kansler Olaf Şolts danışıb. Şolts mətbuat konfransında diqqətə çatdırıb ki, Almaniya və Azərbaycan ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyi qarşıya məqsəd qoyublar. Ötən il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyini qeyd etdiyimizi diqqətə çatdıran Kansler, həmçinin bildirilib ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əlaqələrin Şərq Tərəfdaşlığı çərçivəsində dərinləşdirilməsi də müzakirə edilib. O, Azərbaycanı Almaniya və Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaş kimi səciyyələndirib və ölkənin Almaniyanın və Avropanın enerji təminatının diversifikasiyasına mühüm töhfə vermək potensialında olduğunu qeyd edib.
Məqalədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin təsirləri, Azərbaycanın Qarabağ regionu ətrafında vəziyyət, davamlı sülhə nail olmaq üçün səylərdən də bəhs olunub. Şolts çıxışında münaqişənin sülh yolu ilə nizamlanmasının Azərbaycan və Ermənistanın ərazi bütövlüyü prinsipi əsasında baş tutmalı olduğunu da vurğulayıb.
“Frankfurter Allgemeine Zeitung“ qəzeti “Şolts Azərbaycanı “əhəmiyyəti artan tərəfdaş adlandırır” sərlövhəli məqaləsində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts arasında keçirilən görüşə, həmçinin mətbuat konfransında səsləndirilən fikirlərə yer ayrılıb. Məqalədə qeyd edilir ki, Azərbaycan gələcəkdə Avropaya ixrac etdiyi təbii qazın həcmini artırmaq niyyətindədir, eləcə də Qafqaz ölkəsi Almaniyaya özünü qaz və bərpaolunan enerji daşıyıcılarının tədarükçüsü kimi təklif edir. Vurğulanıb ki, 2027-ci ilədək rəsmi Bakının Avropaya ixrac edəcəyi mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq, bu il isə həmin göstəricinin 12 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropanın enerji təminatı üçün Azərbaycana maraq artıb və azı on Avropa ölkəsi Azərbaycandan qaz almaqda maraqlıdır. Azərbaycan dövlətinin başçısı görüşdən sonra mətbuat konfransında ölkəsinin Avropa üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb.
Olaf Şolts isə Azərbaycanı əhəmiyyəti artan tərəfdaş kimi dəyərləndirib, eləcə də Azərbaycanın Qarabağ regionu ilə bağlı vəziyyətin tezliklə və sülh yolu ilə həllinə çağırış edib.
“Deutsche Welle”, “Süddeutsche Zeitung” portalları, eləcə də “CNN Türk“, Anadolu Agentliyi və digər mətbu orqanlar da Prezident İlham Əliyevin səfəri çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şolts ilə görüşlərinə həsr edilmiş məqalələr yayıblar.