Dəmir yumruq » Real - Fakt » Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir.
Real - Fakt / Dün, 15:43

Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir.

 

Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir. 
Göyçay rayonunun Bığır kəndi ərazisində  Cırqurt, Şəkət və Mırtı kəndləri istiqamətində çəkilən elektrik xətləri ilə bağlı ciddi iddialar səslənir
Göyçay rayonunun Bığır kəndində yerləşən elektrik su anbarından Cırqurt, Şəkət və Mırtı kəndləri istiqamətində basdırılan beton elektrik dirəklərinin keyfiyyəti və dayanıqlığı ilə bağlı sakinlər arasında ciddi narahatlıq yaranıb.
Çoxsaylı sakinlərin müraciətinə əsasən, ərazidə quraşdırılan beton elektrik dirəklərinin bir qisminin keyfiyyətsiz hazırlanması, bəzi dirəklərdə köməkçi dayaqların olmaması və bir neçə dirəyin əyilməsi ilə bağlı iddialar var.
Sakinlər bildirirlər ki, elektrik dirəklərinin hazırlanmasında istifadə olunan armaturun nazik, sementin isə az olduğu ehtimal edilir. Onların sözlərinə görə, dirəklər elektrik xətlərinin ağırlıq yükünə davam gətirməkdə çətinlik çəkir. Bəzi dirəklərin köməkçi dayaqlarla möhkəmləndirilməməsi isə
 vəziyyəti daha da narahatedici edir.
Tender, podratçı və elektrik xətlərinin çəkilişi ilə bağlı suallar.. 
Sakinlərin dediklərinə görə, elektrik dirəklərinin əraziyə gətirilməsi və basdırılması işlərini tender yolu ilə müəyyən edilmiş podratçı həyata keçirib. Dirəklərin gətirilməsi və quraşdırılması ilə elektrik xətlərinin çəkilişinin ayrı-ayrı təşkilatlar tərəfindən icra edildiyi bildirilir.
İddialara əsasən, elektrik xətlərinin Göyçay PEŞ tərəfindən çəkildiyi deyilir. Lakin bu məlumatların aidiyyəti qurumlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsinə ehtiyac var.
Burada əsas sual yaranır: Əgər elektrik dirəkləri həqiqətən keyfiyyətsiz hazırlanıbsa, layihə və texniki tələblərə uyğun quraşdırılmayıbsa, gələcəkdə qəza və ya bədbəxt hadisə baş verərsə, məsuliyyət kimin üzərinə düşəcək?
Təhlükə baş verməmiş tədbir görülməlidir
Elektrik dirəklərinin əyilməsi, köməkçi dayaqların olmaması və yüksək gərginlikli elektrik xətlərinin dayanıqlığı ilə bağlı yaranan narahatlıq ciddi məsələdir. Belə vəziyyətlərdə yalnız qəza baş verdikdən sonra tədbir görmək yolverilməzdir.
Elektrik təsərrüfatında dirəklərin, dayaqların, naqillərin və digər avadanlıqların texniki təhlükəsizlik tələblərinə uyğunluğu təmin edilməlidir. Xüsusilə yaşayış məntəqələrinə yaxın ərazilərdə elektrik xətlərinin təhlükəsizliyi daim nəzarətdə saxlanılmalıdır.
Sakinlərin iddiaları təsdiqlənərsə, bu, yalnız texniki çatışmazlıq deyil, həm də insanların həyat və sağlamlığı üçün potensial təhlükə yaradan ciddi məsələdir.
Aidiyyəti qurumlara müraciət
Çoxsaylı sakinlərin müraciəti əsasında aidiyyəti dövlət qurumlarını və elektrik təsərrüfatına cavabdeh təşkilatları məsələyə təcili münasibət bildirməyə çağırırıq.
Aidiyyəti qurumlardan xahiş edirik:
Bığır kəndindən Cırqurt, Şəkət və Mırtı kəndləri istiqamətində basdırılan beton elektrik dirəklərinə təcili texniki baxış keçirilsin.
Dirəklərin hazırlanmasında istifadə olunan armatur, sement və digər materialların keyfiyyəti yoxlanılsın.
Dirəklərin layihəyə və texniki təhlükəsizlik tələblərinə uyğun quraşdırılıb-quraşdırılmadığı araşdırılsın.
 
Aşkarlanmış çatışmazlıqlar aradan qaldırılana qədər insanların həyat və sağlamlığı üçün risk yaradan vəziyyətlərə yol verilməsin.
İctimaiyyətin suallarına cavab verilməlidir
Sakinlər haqlı olaraq soruşurlar:
Bu dirəklər hansı texniki sənədlər əsasında hazırlanıb?
 Onların keyfiyyətinə kim nəzarət edib?
 Quraşdırma işlərinə kim cavabdehdir?
 Elektrik xətləri istismara qəbul edilərkən təhlükəsizlik yoxlaması aparılıbmı?
Bu sualların cavabı yalnız aidiyyəti qurumların rəsmi açıqlaması və yerində aparılacaq texniki araşdırma ilə müəyyən edilə bilər.
Məqsədimiz kimisə əsassız ittiham etmək deyil. Məqsədimiz sakinlərin narahatlığını ictimailəşdirmək, mümkün təhlükənin qarşısının alınmasına nail olmaq və aidiyyəti qurumları məsuliyyətli davranmağa çağırmaqdır.
İnsan həyatı hər şeydən üstündür. Elektrik dirəklərində təhlükə varsa, faciə baş vermədən tədbir görülməlidir!
Mövzuya qayıdacağıq.
Demiryumruq.Az

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.