Naxçıvan ərazisinin İran İslam Respublikası tərəfindən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurmaqla yanaşı, regionda təhlükəsizlik məsələlərinin nə qədər həssas olduğunu bir daha göstərdi. Azərbaycan hər zaman regionda sabitliyin, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarı olub. Xüsusilə qonşu dövlətlərlə, o cümlədən İranla münasibətlərdə balanslı siyasət yürütmək, dialoq və qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalmaq Azərbaycanın çoxvektorlu xarici siyasətinin əsas prioritetlərindən biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
O bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra İranla münasibətlərdə müəyyən gərginliklər yaşansa da, ölkəmizə qarşı dəfələrlə haqsız, qeyri-qanuni əməllər törədilsə də, Azərbaycan tərəfi hər zaman təmkinli mövqe nümayiş etdirərək məsələlərin sülh yolu ilə, diplomatik və hüquqi müstəvidə həllinə üstünlük verib. Hətta Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror aktından sonra belə, rəsmi Bakı regionda sabitliyin qorunması və münasibətlərin daha da gərginləşməməsi üçün qəti, eyni zamanda, bir o qədər də məsuliyyətli yanaşma sərgiləyib.
Deputat qeyd edib ki, Naxçıvanda baş verən son hadisəyə gəlincə isə bu kimi terror aktına Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq diplomatik, hüquqi mexanizmlər çərçivəsində zəruri addımların atılması planlaşdırılır.
“Bu baxımdan, hesab edirəm ki, beynəlxalq ictimaiyyət qonşu dövlət tərəfindən Azərbaycana qarşı atılan bu haqsız addıma öz münasibətini bildirəcək, obyektiv və prinsipial yanaşacaq, regionda sabitliyin qorunması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsi istiqamətində öz mövqeyini ifadə edəcək. Bu bir tərəfdən Azərbaycanın suverenliyinin qorunması, digər tərəfdən isə ölkəmizin qlobal çağırışlara qarşı göstərdiyi əzmkarlığa beynəlxalq təşkilatlar və güc dövlətləri tərəfindən olan dəstəyi ortaya qoyacaq. Azərbaycan Respublikasının məqsədi hər zaman olduğu kimi, dünyada, o cümlədən regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, qarşılıqlı hörmət, davamlı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsidir”, - deyə M.Əfəndiyev vurğulayıb.