Dəmir yumruq » Müsahibə » Azərbaycan humanitar yardım çərçivəsində Suriyada təhsilə.. - DEPUTAT
Müsahibə / Bugün, 18:41

Azərbaycan humanitar yardım çərçivəsində Suriyada təhsilə.. - DEPUTAT

 

Suriyada məktəblərin tikilməsi və 100-ə yaxın zədələnmiş təhsil müəssisəsinin əsaslı təmirinin nəzərdə tutulması ictimai müzakirələrə yol açıb. Sosial şəbəkələrdə müxalifyönlü istifadəçilər ölkədə qəzalı vəziyyətdə olan məktəblərin mövcudluğunu xatırladaraq atılacaq bu addımın düzgün olmadığını bildirirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev mətbuata açıqlamasında deyib ki, Azərbaycan humanitar yardım çərçivəsində Suriya ərazisində məktəb tikintisi layihələrində iştirak edir.

Onun sözlərinə görə, bu təşəbbüs müharibədən zərər görmüş bölgələrdə dağılan təhsil infrastrukturunun bərpasına yönəlmiş, eyni zamanda uşaqların məktəbə qayıtmasına çox böyük kömək olacaq: “Belə bir addımın atılması, beynəlxalq imic və diplomatiya baxımından Azərbaycanın humanitar yardım göstərən ölkə kimi nüfuzuna müsbət təsir göstərir. Eyni zamanda İslam və region ölkələri ilə əməkdaşlığı gücləndirir. Həmçinin regional sabitlik baxımından belə addımın atılması çox vacibdir, təhsilin səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Burada önəmli məsələlərdən biri bu təhsil müəssisələrində təhsil alan uşaqların radikallaşmasına, eyni zamanda, yoxsulluq riskinin azalmasına çox ciddi təsir göstərəcək. Belə təşəbbüslər adətən müsbət humanitar addım kimi qəbul edilir. Təhsilə dəstək, eyni zamanda uzunmüddətli sülh və inkişaf üçün ən effektiv investisiyalardan biri hesab olunur”.

S.Vəliyev bildirib ki, regionda  sabitliyin bərqərar olması təbii olaraq Azərbaycan üçün çox önəmlidir: “Təhsil sahəsində də gələcəkdə əldə olunacaq inkişaf, müharibədən zərər görmüş uşaqların təhsil alması və belə imkanı onlara yaratmaq gələcəkdə regionun inkişafına müsbət təsirini göstərəcək. Bu addım humanitar məsələ olması ilə yanaşı, böyük siyasi və sosial baxımdan da böyük önəmi vardır. Azərbaycanın bu istiqamətdə göstərdiyi təşəbbüs müsbət qiymətləndirilməlidir. Bu növ humanitar addım təbii olaraq birinci növbədə gələcək nəsillərin savadlı yetişməsinə ciddi töhfə verəcək”.

 

S.Vəliyev qeyd edib ki, Azərbaycanın regionda rolunun artmasına və tərəfdaş qismində göstərdiyi bu növ yardım, humanitar dəstək Azərbaycanın beynəlxalq imicinə, reputasiyasına müsbət təsirini göstərir: “Bu təşəbbüsün əleyhinə çıxış edənlərə gəldikdə isə hesab edirəm, bu düzgün yanaşma deyil. Daxili problemlərin həlli vacibdir, əsas vəsait də buna yönəldilməlidir. Biz nəzərə almalıyıq ki, büdcəmiz neçə ildir sosial yönümlü büdcədir və onun əsas xərclər seqmenti təhsilə, səhiyyəyə və bir sıra infrastruktura yönəlib. Xarici humanitar layihələr büdcənin çox kiçik bir hissəsini təşkil edir. Bu baxımdan düşünmürəm ki, Suriyaya göstərilən humanitar yardım sosial yönümlü olan büdcəmizə ciddi təsir göstərmiş olsun. Nəzərə almalıyıq ki, belə addımla faktiki olaraq Azərbaycan həmrəyliyini nümayiş etdirmiş olur. Xarici humanitar layihələr bir tərəfdən ehtiyac içində olan insanlara kömək deməkdir, digər tərəfdən beynəlxalq nüfuza, təhlükəsizlik maraqlarına da xidmət edən məsələdir. Yəni bu həm humanitar, eyni zamanda, strateji baxımdan faydalı addım kimi qiymətləndirilməlidir. Bütövlükdə xarici humanitar layihələr büdcənin çox kiçik hissəsini təşkil etdiyindən hesab edirəm ki, belə bir humanitar layihədə də Azərbaycanın iştirak etməsi bütövlükdə büdcəmizin sosial yönümlülük hissəsinə heç bir ciddi təsir göstərməyəcək. Bir məsələni də qeyd edim ki, bizim büdcə profisitlə icra olunur. Bu baxımdan belə bir humanitar layihədə iştirak etmək, belə bir təşəbbüslə çıxış etmək nəticə etibarilə büdcəmizin bütövlükdə xərclər smetasına cüzi şəkildə təsir göstərə bilər. Bu da bütövlükdə ölkədaxili layihələrin icrasına hər hansısa maneçilik törətmir”.

Qeyd: Fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən baş qərargahında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Suriyanın təhsil naziri Məhəmməd Əbdülrəhman Turko və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malikin iştirakı ilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Sözügedən Sazişə əsasən, Azərbaycan tərəfindən Suriyada təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisi və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmiri həyata keçiriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.