Dəmir yumruq » Müsahibə » 2026-nın müharibə proqnozu verildi - Hansı ölkələr arasında olacaq?
Müsahibə / 25-12-2025, 11:01

2026-nın müharibə proqnozu verildi - Hansı ölkələr arasında olacaq?

  

Macarıstanın Baş naziri Viktor Orbanın 2026-cı ildə Avropada müharibə başlaya biləcəyi ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Onun sözlərinə görə, Avropa İttifaqının mövcud siyasi kursu və təhlükəsizlik sahəsində atılan addımlar qitəni yeni hərbi qarşıdurma riskinə doğru aparır.

Orbanın bu açıqlamaları real təhlükəsizlik narahatlığının ifadəsidir, yoxsa daxili və xarici auditoriyaya ünvanlanmış siyasi mesajdır?

Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Viktor Orbanın 2026-cı ildə Avropada müharibə ehtimalı ilə bağlı səsləndirdiyi fikirlər sensasiya naminə deyil, siyasi realizmə söykənən xəbərdarlıq kimi oxunmalıdır:

 

“O, Avropanın 80 il ərzində formalaşdırdığı təhlükəsizlik komfortunun dağıldığını və köhnə qaydaların artıq işləmədiyini xatırladır. Ukrayna müharibəsi ilə Avropa ilk dəfə real müharibəni öz coğrafiyasında, özü də uzunmüddətli formada görür. Bu fon Orbanın dediklərini tamamilə havadan gələn iddia olmaqdan çıxarır”.

Politoloqun sözlərinə görə, Orbanın əsas siyasi mesajı ondan ibarətdir ki, Avropa strateji düşüncədən uzaqlaşır:

“Onun fikrincə, Aİ liderləri münaqişələri idarə etmək əvəzinə onların bir tərəfinə çevrilir, diplomatiya isə getdikcə arxa plana keçir. Orban burada klassik Avropa siyasi məktəbinə, yəni güc balansı, milli maraqlar və müharibədən yayınma prinsipinə istinad edir. Bu, Macarıstanın neytral və praqmatik xəttinin ideoloji əsaslandırılmasıdır”.

Müsahibimiz qeyd edib ki, qitənin hərbi qarşıdurmaya yaxınlaşması riski artıb və bu danılmazdır:

“Silahlanmanın sürətlənməsi, təhlükəsizlik ritorikasının sərtləşməsi, müharibənin “qaçılmazlıq” kimi təqdim olunması Avropanı daha həssas edir. Orban bu prosesə qarşı “dayan” deyən azsaylı liderlərdəndir. Onun mövqeyi müharibəni proqnozlaşdırmaqdan çox, Avropanı həmin ssenaridən uzaqlaşdırmaq cəhdidir. Mesaj aydındır: müharibə taleyin hökmü deyil, səhv siyasi qərarların nəticəsidir. Avropa bunu vaxtında anlayarsa, 2026 ssenarisi tarix kitablarına düşməyə də bilər”.

Niyaz Hacıyev


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.