Latviya Prezidenti İçərişəhərdə
Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qız qalası ilə başlayıb. Latviya Prezidentinə Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.
Gəzinti zamanı ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Daha sonra Latviya Prezidenti İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanış olub. Mərkəzin "Dastan" brendi ali qonaqda böyük maraq doğurub. Burada ali qonağa xatirə hədiyyəsi təqdim olunub.
İçərişəhərlə tanışlıq Latviya Prezidenti Egils Levitsdə xoş təəssürat yaradıb.