“Kinokonsert” multimedia şousu
Ətrafına peşəkar sənət adamlarını toplayan “Art-East Media Group” şirkəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına iki yaradıcılıq layihəsi təqdim edib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdim olunan yeni yaradıcılıq layihəsi “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Film Fondu kimi mötəbər sənət ocaqları ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Belə ki, “Art-East Media Group” şirkətinin brendi olan “Avanqard” Kamera Orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş yüksək bədii zövqlə yeni aranjeman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərlərini özündə ehtiva edən “Kinokonsert” multimedia şousu qarşısına qoyduğu məqsədlərə, habelə ölkəmizin ictimai və mədəni həyatında fəal iştirak etmək, dünyada və ölkədə cərəyan edən sənət prosesinə uyğun ideyalar reallaşdırmaq və yüksək sənəti dərk etməyə qadir mütərəqqi tamaşaçı zövqünü formalaşdırmaq kimi məqsədlərə nail olub. Bunu səhnə əsərini izləyənlər arasında yer alan həm görkəmli sənət adamları, sənət tənqidçiləri, ictimai xadimlərin, həm də sıravi tamaşaçı rəyləri sübut edir.
Tanınmış aktyor Ruslan Sabirlinin aparıcılığı ilə baş tutan multimedia şousunda “Avanqard” Kamera Orkestri “Arşın mal alan”, “Baladadaşın ilk məhəbbəti”, “Güllələnmə təxirə salınır”, “Bəxtiyar”, “Alma almaya bənzər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Ölsəm bağışla”, “Uşaqlığın son gecəsi”, “O olmasın, bu olsun”, “Gün keçdi” və s. filmlərin saundtreklərini təqdim edib, bir çox səhnələr peşəkar rəqqas qismində çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının şagird-tələbə heyətinin canlandırdığı xoreoqrafik nömrələrlə müşayiət olunub.