Azərbaycanda Rəsul Həmzətovun yubileyinə həsr edilmiş tədbirlər keçiriləcək
2023-cü ildə Rusiyada Dağıstanın Xalq şairi, nasir, tərcüməçi, publisist, ictimai xadim Rəsul Həmzətovun anadan olmasının 100 illiyi qeyd edilir. Martın 1-də “Rəsul Həmzətov İli”nin rəsmi açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, şairin yubileyi ilə bağlı tədbirlər çərçivəsində festivallar, konsertlər, sərgilər, səhnələşdirilmiş tamaşalar, elmi konfranslar və ədəbiyyat gecələri keçirilməsi nəzərdə tutulur. 2023-2025-ci illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planına əsasən, Azərbaycanda da yubiley tədbirləri keçiriləcək.
Rəsul Həmzətov Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında böyük rol oynayıb. O yazırdı: “Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur – tarix, mədəniyyət, ənənələr və məişət. Biz hamımız bir kökdən qaynaqlanmışıq. Hələ gənclik illərində mən Azərbaycana sevgi hissləri ilə dolu şeirlər yazmışam”.
Həmzətov Azərbaycana bir sıra şeirlər həsr edib. Azərbaycanın görkəmli şair və yazıçıları Nəbi Xəzri, Mirzə İbrahimov, Süleyman Rüstəm, Tofiq Bayram, İlyas Əfəndiyev və Səməd Vurğun Rəsul Həmzətovun dostları olub.
Rəsul Həmzətov poeziyası bütöv bir mədəni dövr təşkil edir. Onun onlarca kitabı dünyanın müxtəlif dillərində nəşr edilib. Böyük humanist olan bu şair öz yaradıcılığında həyata, dünyaya, insanlara sevgi hisslərini təbliğ edir, naqisliklərə qarşı barışmaz mövqe tuturdu.
Rəsul Həmzətov ədəbiyyat sahəsində görkəmli nailiyyətlərinə görə, bir sıra fəxri adlara və mükafatlara layiq görülüb. O, Dağıstanın Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, Lenin Mükafatı laureatı, SSRİ və RFSR Dövlət Mükafatları laureatı, “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatının və müxtəlif ədəbi mükafatların laureatı olub.