“Qız Qalası” filminin premyerası olub
Bakıda “CinemPlus”da “Qız Qalası” filminin premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç, Slovakiya kimi ölkələrin müxtəlif festivallarında qalib olub.
“Qız Qalası” filmi bir neçə nüfuzlu beynəlxalq festivalda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib.
Ekran əsərinin rejissoru və ssenari müəllifi Mehdi Ağayev bildirib ki, "Qız Qalası" filminin süjeti şəxsi münasibətlərə malik iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, “öz adamı”na rast gəlib.
Film boyunca qəhrəmanlar seçim etməlidirlər: ya hər şeyi olduğu kimi saxlayıb geri dönməli, ya da “öz adamı” ilə daxildə arzusunda olduğu yeni münasibətlərə başlamalı.
Ekran işinin quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimovdur. Filmin musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Prodüserləri Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşov olan filmdə baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər.