Gürcüstanın Kral Milli Baleti Bakıda rəqs tamaşası təqdim edəcək
Gürcüstanın dünyaşöhrətli Kral Milli Baleti Avropa və Amerikaya möhtəşəm qastroldan sonra – aprelin 21-də Heydər Əliyev Sarayında “Gürcüstan atəşi” rəqs tamaşasını təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, “Gürcüstan atəşi” adlı xoreoqrafiya proqramı – ayrı-ayrı rəqs nömrələrindən seçimlər deyil, ümumi ideya və süjet xətti ilə birləşmiş bütöv tamaşadır. Bütün bunlar gözəl kostyumlar və möhtəşəm dekorasiyalar ilə ahəng təşkil edərək tamaşaçının diqqətini özünə çəkir. “Gürcüstan atəşi” tamaşaçıya bənzəri olmayan gürcü mədəniyyəti ilə tanış olmaq və məftunedici rəqs aləminə səyahət etmək imkanı verən rəngarəng lirik şoudur.
Qeyd edək ki, Kral Milli Baleti 2008-ci ildə Gürcüstanda xoreoqraflar Gela Potshişvili və Maya Kiknadze tərəfindən yaradılıb. Gürcü milli rəqs ənənələrini qoruyub saxlayan ansambl novatorluğu və yüksək peşəkarlıq səviyyəsi ilə seçilir.