Yaponiyanın “KUNI-KEN” Şamisen rok qrupu Bakıda
Fevralın 22-də Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda ilk dəfə “KUNI-KEN” Şamisen rok qrupunun konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Yapon küləyi” tədbirlər silsiləsi çərçivəsində keçirilən konsertdə əvvəlcə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi “KUNI-KEN” Şamisen rok qrupu haqqında məlumat verərək, qrupun özünəməxsusluğundan, unikallığından danışıb: “Bu ilin fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirməkdə davam edir. Bununla ölkənizin sakinlərinin Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı yaranıb. Bakı küləklər şəhəri olduğuna görə Yaponiya ilə bağlı mədəniyyət tədbirləri də burada həzin küləklər kimi əsir. "KUNI-KEN” Şamisen qrupunun üzvləri olan Kuniaki və Kenci qardaşları dünyanın bir çox ölkələrində konsertlər verərək öz ifaları ilə pərəstişkarlarının qarşısına çıxırlar".
Daha sonra Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirən səfir, ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Sonra Mie prefekturasının Yokkaiçi şəhərindən olan Kuniaki və Kenci qardaşları özünəməxsus ifaları ilə tamaşaçıların qarşısında çıxış ediblər.
Qeyd edək ki, qrupun ifaçıları dünyanın bir çox ölkələrində konsertlər verərək, Asiya mənşəli sənətçilər kimi diqqəti cəlb edirlər. Həmçinin 2016-cı ildən Yokkaiçi şəhərinin turizm səfiri kimi fəaliyyət göstərirlər.