Bakıdakı Rus Evində Fyodor Şalyapinin anadan olmasının 150 illiyinə həsr edilmiş konsert olub
Bakıdakı Rus Evində məşhur opera və kamera müğənnisi Fyodor Şalyapinin anadan olmasının 150 illiyinə həsr edilmiş konsert olub.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a verilən məlumata görə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə keçirilən bayram tədbirinin qonaqları arasında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Milli Məclisin deputatı Rauf Əliyev, bir sıra ölkələrin diplomatik korpusunun nümayəndələri, yaradıcı ziyalıların, biznes dairələrinin, mədəniyyət təşkilatlarının, həmvətənlər cəmiyyətlərinin təmsilçiləri vardı.
Bakı Musiqi Akademiyasının (BMA) böyük müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina tərəfindən təşkil edilmiş konsert proqramında Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymur Kazımov, həmçinin BMA-nın tələbələri Emin İsmayılov, Aqşin Xudaverdiyev, Atif Qarabaqi iştirak edirdi .
Rus opera müğənnisi Fyodor Şalyapin dünyanın ən nüfuzlu teatrlarının – Böyük Teatr, Mariya Teatrı, Metropoliten-opera kimi sənət məbədlərinin səhnələrində çıxış edirdi. İfaçılıqla yanaşı, rəssamlıq və heykəltaraşlıqla da məşğul olan Fyodor Şalyapin bir neçə bədii filmdə çəkilib. Bəstəkarlar Sergey Prokofyev və Anton Rubinşteyn onun istedadının pərəstişkarları idi. Maksim Qorki onu “rus incəsənətində ayrıca bir dövr” adlandırmışdı.