Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Mənim də həyatım sözdü, şeirdi...
Mədəniyyət / 19-02-2023, 05:17

Mənim də həyatım sözdü, şeirdi...

Bu gün Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 92-ci ildönümü tamam olur

Bakı, 18 fevral, AZƏRTAC

Bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə yorulmadan yazıb-yaradan qələm adamlarındandı Nəriman Həsənzadə. O, Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə Ali Sovetin deputatı kimi Müstəqillik Aktına qol çəkib. Ümumiyyətlə, millətə, xalqa xidməti özünün ömür kredosuna çevirən şair həmişə öz yüksək intellekti, mübarizliyi ilə öndə olub.

AZƏRTAC xəbər verir ki, bu gün müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 92-ci ildönümü tamam olur.

Nəriman Həsənzadəni xoşbəxt qələm adamlarından hesab etmək olar. Ona görə ki, hər zaman həsrətlə gözlədiyi qələbə sevincini dadıb. O, tez-tez deyirdi ki, Qarabağ ürəyimizin yaralı yeridir. Ən böyük istəyim gedən quşların öz yuvalarına qayıtdığı kimi, Qarabağın qayıdışıdır. Artıq Xalq şairinin bu arzusu çin olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz Qarabağı yağı tapdağından azad edib.

Xalq şairi Nəriman Həsənzadə ədəbiyyata çox gənc yaşlarında, hər şeydən əvvəl, lirik şair kimi gəlib. Bu lirika təbiiliyi, səmimiliyi və dil-üslub mükəmməlliyilə elə əvvəldən, sözün geniş mənasında, məhz onun müəllifinə məxsus idi. Nəriman Həsənzadənin yaradıcılığını araşdıran tədqiqatçılar, eləcə də ədəbi tənqid şairin əsərlərinin ən böyük məziyyəti kimi, ilk növbədə, məhz səmimiyyəti, həssaslığı qeyd etmişlər...

Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə olunub.

Nəriman Həsənzadə ötən əsrin 50-60-cı illərində yazdığı “Qız ürəyi”, “Hadi və Əsgər”, “Körpəylə söhbət”, “Biz bir ildə doğulduq”, “Qadın”, “Heybədə gəzən şeir” (“Sabir”), “Vətənsiz”, “Əsir uşaq”, “Şahid ol, Günəş”, “Nəriman”, 70-80-ci illərə aid “Həsrət”, “Zümrüd quşu”, “Rəsul Həmzətova məktub”, “Kimin sualı var?”, 90-cı illərdən etibarən qələmə aldığı “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qarabağdan gələn var”, “Xarı bülbül”, “Bəyanat”, “Poylu - beşiyim mənim”, “Qaçaq Kərəm”, “Nuru Paşa”, “Nizami”, “Sözü tara verin” çoxlu sayda və müxtəlif həcmli poemalarının hamısında həm epos təhkiyə-intonasiyasına, həm hadisələrin dramatizminə, həm də xarakterik detal-məqamların ictimai-estetik interpretasiyasına əsaslanmaqla bir şair, bir tarixçi, bir filosof kimi çıxış edib.

“Nəriman” epik-dramatik poeması əsasında hazırlanmış “Bütün Şərq bilsin” tamaşasının uğurundan sonra Nəriman Həsənzadəyə ikinci uğuru “Atabəylər” qazandırıb. Sonra isə “Pompeyin Qafqaza yürüşü” mənzum pyesi tamaşaya qoyulub.

Mənim də həyatım sözdü, şeirdi,

Bir isti nəfəsəm, bir səsəm belə.

İnsana diləyim ancaq xeyirdi,

Şər gəlməz əlimdən, istəsəm belə.

Bəlkə də bu misraları Nəriman Həsənzadənin bütün yaradıcılığının epiqrafı adlandırmaq olar. Ustad ədibin bütün şeir və poemalarında bir axıcılıq, həzin lirizm var ki, bu emosionallıq müasir danışıq dilimizə bənzəyir və bəzən həmin əsərləri mütaliə edərkən elə bilirsən, şairlə şirin söhbətdəsən.

Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, qələmini nəsrdə də sınayıb. Onun publisistikası milli-mənəvi dəyərləri, humanizmi, insan-cəmiyyət münasibətlərində halallığı, səmimiliyi, Azərbaycan xalqının milli müstəqilliyini müdafiə edən, güclü dövlətçilik təfəkkürünə malik vətənpərvər bir publisistikadır ki, Xalq şairinin, ictimai xadimin gərgin mübarizələrdən keçmiş şəxsiyyətinin, milli taleyinin bilavasitə ifadəsidir. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mənim ədəbi taleyim” əsəri Azərbaycan ədəbiyyatında yazıçı publisistikasının ən gözəl örnəklərindən biridir.

Xalq şairi 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. Şairin yeddicildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub. 100-dən artıq şeirinə musiqi bəstələnib.

Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc olunub. “Nəriman Həsənzadənin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib, “Nəriman Həsənzadənin yaradıcılıq yolu” adlı monoqrafiya çap olunub. Onun yaradıcılığı hər zaman yüksək dəyərləndirilib və müstəqil Azərbaycanın bir sıra ali orden və medallarına layiq görülüb.

Müsahibələrində “Mənim qarşıma həmişə yaxşı insanlar çıxıb” deyən şair bu sırada özünə mənəvi ata bildiyi istedadlı yazıçı, gözəl alim Mir Cəlal Paşayevi böyük sevgi və ehtiramla xatırlayır.

“Tale mənə şairliyi könül dostu verib”,- deyən şair inanırıq ki, qarşıdakı illərdə də əzəli və əbədi “dostu” ilə çox sirdaşlıq edəcək və neçə-neçə yeni poetik nümunələrlə oxucuları sevindirəcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olun

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.