Xocalı faciəsi: Kədərə boyanmış rənglər
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümü yaxınlaşır. Otuz bir ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bütün bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizminin qəddarlıqla azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının tanıdılmasında, gələcək nəsillərə çatdırılmasında qələm adamlarımız, fırça ustalarımız da çox iş görüb. Bu illər ərzində qəlbləri ağrıdan, taleləri yarımçıq qoyan bu faciəyə neçə-neçə rəsm əsəri həsr edilib. Bu baxımdan Azərbaycan, ümumən bəşəriyyət üçün ən dəhşətli soyqırımı aktlarından olan Xocalı faciəsinin rəssamlarımızın yaratdığı əsərlərdə əksini tapması çox ciddi milli-mənəvi vəzifə və zəruri mənəvi ehtiyac idi. Bu əsərlər həm də milli yaddaşdır.
AZƏRTAC faciənin 31-ci ildönümü ərəfəsində Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Xocalı faciəsi: Kədərə boyanmış rənglər” sərlövhəli yazısını təqdim edir.
Zamanında hər bir xalqın tuş gəldiyi hadisələrə onun sənətkarları tərəfindən tutulan “bədii güzgü”nün gələcək nəsillər üçün bütün mənalarda əhəmiyyət kəsb etməsi danılmazdır. Hələ ötən əsrin əvvəllərində Azərbaycan təsviri sənətinin inkişafında müstəsna rolu olan Bəhruz bəy Kəngərlinin (1892-1922) yaratdığı və erməni təcavüzkarlığını ifşa edən bədii-tarixli əhəmiyyətli “Qaçqınlar” qrafik silsiləsinin bu gün də müasir görünməsi də dediklərimizi təsdiqləyir. O vaxt İrəvan xanlığındakı dədə-baba torpaqlarından didərgin salınmış soydaşlarımızın Naxçıvana pənah aparmalarına görkəmli fırça ustasının özü şahidlik etmişdi. Onlara imkanı çərçivəsində maddi qayğı göstərən gənc rəssam baş verənlərin tarixi-bədii sənədə çevrilməsi istiqamətində əvəzsiz bir iş görmüş, ağır vəziyyətdə olmuş insanların taleyinə həsr olunmuş çoxsaylı əsərləri ilə erməni vəhşiliyinin danılmazlığını tarixi həqiqət kimi qəbulunu şərtləndirmişdir.