Xəbər lenti
Dəmir yumruq » Mədəniyyət » Məşhur “Aleko” operası sənətsevərlərə təqdim ediləcək
Mədəniyyət / 16-02-2023, 17:34

Məşhur “Aleko” operası sənətsevərlərə təqdim ediləcək

Fevralın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşhur "Aleko" operası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşada Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə əsas rolları Xalq artistləri Samir Cəfərov, Əkrəm Poladov, aparıcı solistlər Fatimə Cəfərzadə, Mahir Tağızadə və Nina Makarova ifa edəcək.

Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

Qeyd edək ki, Sergey Raxmaninovun 19 yaşında (1892) qələmə aldığı bu əsər hələ zamanında musiqi dünyasında geniş rezonans doğurub. Böyük rus şairi Aleksandr Puşkinin “Qaraçılar” poemasının motivləri əsasında yazılan “Aleko” operası Moskva Konservatoriyasında oxuyan gənc bəstəkarın diplom işi olub. Operanın süjetinə gəlincə, əsərdə şəhərdən qaçmış qürurlu Alekonun qaraçı köçünə sığınmasından bəhs olunur. Qəhrəman gözəl qaraçı qızına vurulur. Sevgi, qısqanclıq, coşqun ehtiras onların hər ikisini ölümə aparır.

Gənc S.Raxmaninov bu operanı diplom işi kimi təqdim edəndə onun müəllimi, dahi bəstəkar P.Çaykovski əsəri o qədər bəyənir ki, tələbəsinə 5 yazır və qiymətin üstünə 4 dənə üstəgəl işarəsi qoyur. Dahi Çaykovskini heyrətləndirən 19 yaşlı bir gəncin bu qədər hissiyyata, həyəcana, bu qədər musiqi bacarığına malik olması idi. Beləliklə, S.Raxmaninov artıq bu əsərlə şöhrət qazanaraq adını tanınmış musiqiçilərin sırasına yazdırır.

İndiyədək dünyanın bir çox teatr səhnələrində tamaşaya qoyulan məşhur operanın 2011-ci il dekabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında premyerası keçirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.