“Məchul pilləkən” balet-tamaşası Musiqili Teatrda
Fevralın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, gənclərə bir örnək və ismarış xarakteri daşıyan bu balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq, ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.
Narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu səhnə əsərinin baş rol ifaçısı Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı isə teatrın baş rəssamı Vüsal Rəhimdir.
Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib.
Tamaşada, həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndiriləcək.