Azərbaycanlı gənc Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının qalibi olub
Hindistanda Beynəlxalq Hotel İdarəetmə İnstitutunun təşkilatçılığı ilə “Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023” (Young Chef Olympiad 2023) başa çatıb.
AZƏRTAC xəbər verir ki, 9-cu dəfə keçirilən yarışda 53 ölkənin gənc aşpazları mükafat uğrunda mübarizə aparıblar. Olimpiada iştirakçıları ilkin mərhələdə qruplara bölünərək Hindistanın müxtəlif şəhərlərində mübarizə aparıb. Ən uğurlu 10-luq siyahısına düşən komandalar Kəlkütə şəhərində final mərhələsində yarışıblar. Dünyaca tanınmış kulinarların və aşpazların, o cümlədən alman, fransız mütəxəssislərin daxil olduğu münsiflər heyətinin qərarına əsasən Azərbaycanı təmsil edən gənc aşpaz Emil Zeynalzadə nüfuzlu yarışın qalibi olub. İkinci yeri Tailand, üçüncü yeri isə Hindistan aşpazı tutub.