Marionet Teatrının bədii rəhbəri: Bu il “Aşıq Qərib” dastanının səhnə həllinə başlayacağıq
Repertuarımıza Üzeyir Hacıbəylinin əsərlərindən ibarət tamaşalar daxildir. İlk tamaşamız “Arşın mal alan”ı səhnələşdirdikdən sonra biz 3 il müddətində “Leyli və Məcnu”nu hazırladıq. Bu proses məqsədli şəkildə aparılırdı, çünki 2013-cü ildən başlayaraq indiki binamızda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təmir-restavrasiya işinə başladıq. Qərara gəldik ki, təmir işləri ilə eyni anda yeni tamaşanı da hazırlayıb təqdim edək. Belə də oldu. Binanın açılışı ilə yeni “Leyli və Məcnun” tamaşasının premyerası da eyni günə salındı. Beləcə repertuarımıza “Leyli və Məcnun” tamaşası da daxil oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbəri və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyib.
Yeni yaradıcılıq axtarışlarından söhbət açan Əməkdar incəsənət xadimi artıq bir neçə ildir ki, “Aşıq Qərib” tamaşasını hazırlamağı düşündüyünü bildirib: “Aşıq Qərib” məni çox maraqlandırır və bu nəinki Azərbaycanda, eyni zamanda, bir çox başqa ölkələrdə də tanınmış əsərdir. Əsərin tanınmasında Mixail Lermontovun çox böyük əməyi olub. Qafqazda olarkən o “Aşıq Qərib”i qələmə alaraq, rus dilli oxucular üçün adaptasiya edib. Bu əsər, həmçinin bir neçə dillərə də tərcümə olunub. Mən çox düşünürəm ki, “Aşıq Qərib” dastanını biz uğurlu bir tamaşa kimi hazırlaya bilsək, bu da gələcəkdə dastanların səhnəyə yol açmasına vəsilə olacaq”.
Bakı Marionet Teatrının digər tamaşalarında olduğu kimi bu yeni səhnə əsəri üçün də özəl, məxsusi kuklaların hazırlanacağından bəhs edən teatrın bədii rəhbəri bir səhnə əsərində iştirak edən kuklanın digər tamaşada istifadə olunmadığını qeyd edib. “Bizim teatrın ən böyük özəlliklərindən biri də budur. Repertuarımızda olan “Arşın mal alan”, eləcə də “Leyli və Məcnun” tamaşalarının kuklaları bir-birindən həm ölçü, həm də vizuallıq baxımından çox fərqlənirlər. Bu il artıq yeni layihəmiz olan “Aşıq Qərib” dastanının səhnə həllinə başlayacağıq”, -deyə T.Qorçu bildirib.