Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti festival - “Gəncliyin səsi”
2 Fevral - Gənclər Günü ənənəvi olaraq hər il ölkəmizdə müxtəlif mədəniyyət layihələri ilə qeyd edilir. Fevralın 1-dən 8-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş IX “Gəncliyin səsi” festivalı keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi gənclərin yaradıcı sahəyə marağının artırılması, onların istedadının üzrə çıxarılması və tanıdılması, sənət fəaliyyətinin təşviq edilməsidir.
Festival çərçivəsində Bakıda və Gəncədə silsilə tədbirlər təşkil ediləcək. İncəsənətin müxtəlif sahələrini təmsil edən gənclərin ölkənin aparıcı teatr-konsert müəssisələrinin səhnəsində çıxışı onlara stimul olacaq. “Gəncliyin səsi” festivalı gənc muğam ifaçılarını, vokalçıları, aşıqları, instrumental ifaçıları, rəqqas və balet artistlərini, aktyorları bir daha sənətsevərlərlə görüşdürəcək.