Ölkəmiz “Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023”də təmsil olunur
Hindistanın Delhi şəhərində Beynəlxalq Otel İdarəetmə İnstitutunun (International İnstitute of Hotel Management) təşkilatçılığı ilə “Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023”ün (“Young Chef Olympiad 2023”) açılış mərasimi olub. Azərbaycanın da təmsil olunduğu yarışmada 55 ölkədən gənc aşpazlar iştirak edir.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Hindistandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq yarışmada ölkəmizi gənc aşpaz Emil Zeynalzadə və onun müəllimi təmsil edir. Təmsilçilərimiz Delhidən Qoa şəhərinə gedərək, orada Hindistan, Malayziya, Kolumbiya, Əfqanıstan və digər başqa ölkələrin komandaları ilə mübarizə aparacaq. Komandamız ən uğurlu 10-luq siyahısına düşə bilsə, o zaman Hindistanın Kolkata şəhərində keçiriləcək yarışmanın finalına qatılacaq.
Qeyd edək ki, olimpiada fevralın 4-dək davam edəcək.